Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin 102 illiyi münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəsi Şükürova Zeynəbin təşəbbüsü və fəallar Nihad Əzizov, Aygün Hüseynova, İsmayıl Ərəbov, Xədicə Əliyeva, eləcə də S.Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin rəhbərliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş "Qəlblərdə yaşayan lider" adlı tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirin ikinci hissəsində "Sən elə bir zirvəsən!" adlı intellektual yarış keçirilib və "Liderlər" komandası qalib olub. Yarışın məqsədi Heydər Əliyev irsinin gənc nəslə aşılanması və təbliğidir.

Digər tədbir isə Uşaq Səfirlər Məclisinin region nümayəndəsi Sevinc Məmmədova və Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin təşkilatçılığı ilə baş tutub. "Ulu bir sərkərdə – Ulu bir Öndər" adlı tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə şagird və müəllimlərin hazırladığı ədəbi-bədii kompozisiyada Heydər Əliyevin həyat və fəaliyyəti, Vətənə və gənclərə olan sevgisi və qayğısı vurğulanıb. Şeirlər, videoçarxlar və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsinə və ideyalarına daim sadiq qalacaqlarını, bu irsi gələcək nəsillərə ötürmək üçün əzmlə çalışacaqlarını bildiriblər.

 

Pərvanə Fərhadqızı