“Oriqami” İctimai Birliyi yeniyetmələrə piyada mədəniyyəti aşılayır - FOTOLAR

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi bildirir ki, 07.05.2025-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin Fəaliyyət Planı əsasında interaktiv üsulla 30 nəfər şagird arasında anket-sorğu keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirin məqsədi şagirdlərin yol hərəkətinin təhlükəsizliyi barədə bilik və anlayışlarını müəyyənləşdirmək, onlara piyada mədəniyyətini aşılamaq olmuşdur. Layihənin icrası çərçivəsində keçirilən tədbirdə C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elnarə Həsənova, pedaqoji heyətin üzvləri Ülkər Hüseynova və Nurlana Ağayeva iştirak etmişlər.

Layihəni icra edən “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi sorğuya əvvəlcədən hazırlıq görmüş, suallar işlənib hazırlanmış və loqolu vərəqlər çap olunmuşdur. Layihənin rəhbəri N. Nəcəfov sorğu vərəqindəki suallarla şagirdləri tanış etmiş, cavab variantlarının seçilməsi üçün onlara istiqamət vermiş, suallarla bağlı məsələləri aydınlaşdırmış və izahatlar vermişdir.

Sorğu iştirakçıları 20 dəqiqə ərzində sualları cavablandırmışlar. Anket-sorğuda könüllülük prinsipi əsasında məktəbin rus bölməsində təhsil alan VIII “x” və VIII “ğ” sinif şagirdləri fəal iştirak etmişlər. Şagirdlər qeydlərində sorğunun maraqlı keçdiyini bildirmiş, yol hərəkətinin təhlükəsizliyi ilə yanaşı digər mövzularda da qısa müddət ərzində interaktiv sorğuların keçirilməsini faydalı hesab etmişlər.