Uşaq əməyinin istismarı mövzusunda polis əməkdaşları üçün təlim təşkil olundu - FOTOLAR

İnsan Alverinə Qarşı Qeyri-Hökümət Təşkilatları Koalisiyasının Fəaliyyət Planına əsasən regionlarda  “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi” mövzusunda maarifləndirici təlimlərin regional koordinatorlar tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

QHT.az xəbər verir ki, Koalisiya tərəfindən  06 may 2025-ci il tarixində Sumqayıt şəhərində sahə inspektorları və uşaq inspektorları üçün “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi” mövzusunda təlim təşkil olunmuşdur. Təlimin məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan hüquq-mühafizə orqanı əməkdaşlarının uşaq əməyinin istismarı hallarını tanımaq, qiymətləndirmək və onlara operativ müdaxilə etmək bacarıqlarının artırılması olmuşdur.

Tədbirdə iştirak edən inspektorlara uşaq əməyinin formaları, risk qrupları, uşaq əməyinin istismarının hüquqi aspektləri, bu sahədə olan qanunvericilik və beynəlxalq öhdəliklər haqqında ətraflı məlumat verilmiş, real hallar üzərində praktiki təhlillər aparılmışdır. Təlimdə təlimçi qismində “Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İB-nin rəhbəri Zenfira Mustafayeva və təlimçi Günel Ələkbərova çıxış etmişlər.

Təlim interaktiv formatda keçirilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. Koalisiya tərəfindən təlimlərin keçirilməsi insan alveri, uşaq  əməyinin istismarı  hallarının azaldılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində sistemli yanaşmanın formalaşmasına və sahədə bu çalışan mütəxəssislərin  potensialının artırılmasına xidmət edir.

Sumqayıt şəhər polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov çıxış edərək, öz təcrübəsində rastlaşdığı uşaqların fiziki və psixoloji istismara məruz qalması, erkən yaşlarında əmək fəaliyyətinə cəlb olunması faktlarından danışdı. Sumqayıt şəhər 4 cü polis bölməsinin yetkinlik  yaşına çatmayanlarların işləri üzrə inspektor, polis kapitanı İqbal Həsənov Uşaq əməyinin istismarının  sosial,hüquqi və psixoloji təsirlərinin mənfi cəhətləri barədə öz fikirlərini bölüşdü. Kapitan təlimdə təqdim olunan metodlar və real situasiyalar əsasında qurulmuş təhlillərin gündəlik fəaliyyətlərində yardımçı olacağını qeyd etdi.

Qeyd edək ki, regionlar üzrə təlimlərin həyata keçirilməsi davamlı olacaqdır.