Sosial Xidmətlər Agentliyi son 4 ildə məişət zorakılığından zərər çəkmiş 250-yə yaxın şəxsi müvafiq xidmətlərlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində bu ilin ötən dövründə 33 nəfərə xidmət göstərilib. 

 

Hazırda şöbədə 15-i qadın, 2-si uşaq olmaqla 17 nəfərə müvafiq reabilitasiya xidmətləri göstərilir. 

Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür. 

 

Burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. 

Proses digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəklində aparılır. Şəxsin himayəsində yetkinlik yaşına çatmayan şəxs varsa, yetkinlik yaşına çatmayan şəxsin bütün hüquqlarının qorunması təmin edilir, o cümlədən təhsilə cəlb edilir. 

 

2021-ci ilin 1 avqust tarixində fəaliyyətə başlayan şöbədə ötən dövrdə 241 şəxsə xidmət göstərilib. Onlardan 90 nəfəri qadın, 151 nəfəri isə uşaqlardır.

Şöbəyə qəbul yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət, birbaşa müraciət və məişət zorakılığına məruz qalma faktının təsdiqlənərək müvafiq aktın tərtibi ilə həyata keçirilir.