Türk dünyasının ortaq gələcək və fəaliyyəti Bakıda müzakirə olunacaq

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunacağı panel toplantı keçiriləcək.

QHT.az ilkxeber.org-a istinadən xəbər verir ki, tədbir mayın 3-də Bakıda, Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

Tədbirin başlığı kimi türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” şüarı işlədilib.

Toplantıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından iştirak edəcəklər.

 

Paneldən əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil ediləcək.