Gürcüstanda Azərbaycanlıların təhsilinə yeni dəstək: QHT sədrindən AÇIQLAMA

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Yeni vəzifənin yaradılması Gürcüstanda yaşayan azərbaycanlı ailələrin övladlarının təhsilinə dəstək baxımından mühüm addım kimi qiymətləndirilir. Məsələ ilə bağlı “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a açıqlamasında bu qərarı alqışlayaraq bildirib ki, bu vəzifənin təsis edilməsi xaricdə, xüsusilə də Gürcüstanda yaşayan soydaşlarımız üçün önəmli dəstək vasitəsinə çevrilə bilər:

"Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi, xaricdə təhsil alan soydaşlarımız, xüsusilə də Gürcüstandakı azərbaycanlı ailələrin övladları üçün, əlbəttə ki, önəmli dəstək vasitəsi ola bilər. Gürcüstandakı azərbaycandilli məktəblərin mövcud acınacaqlı vəziyyəti barədə sosial şəbəkələrdə yayılan paylaşımlardan aydın olur ki, bu məktəblərin sayı ildən-ilə azalır və eyni zamanda müxtəlif səpkili problemləri də artır. Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə əsasən, milli azlıq nümayəndələri gürcü və ya sektor məktəblərində təhsil alırlarsa, həmin məktəblər onlara ana dili fənninin tədrisini təklif etmək hüququna malikdir. Lakin belə bir imkan olduğu halda, Azərbaycan dili fənninin tədrisini genişləndirmək əvəzinə, əksinə, azərbaycandilli məktəblərdə və şöbələrdə bu fənnin dərs saatını azaltmağa çalışırlar".

Esmira Rəhimovanın sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımız məcbur qalaraq gürcü və ya rus dilində təhsili seçirlər, çünki işlə təmin olunmaq üçün dövlət dili olan gürcü dilini bilmək vacibdir:

"Bu səbəbdən də soydaşlarımız ali məktəblərə qəbul olmaq üçün gürcü dilində təhsil almağa üstünlük verirlər. Digər tərəfdən, Azərbaycan dilində tədris üçün kifayət qədər vəsait və resursun olmaması da vəziyyəti daha da çətinləşdirir. Qeyd etmək istərdim ki, Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalması təəssüf doğuran haldır. Statistikaya nəzər yetirsək, Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb mövcud olub. 1999-cu ildə bu say 167-yə, 2010-cu ildə isə 124-ə enib. Hazırda isə bu məktəblərin sayı 80-ə qədər azalıb. Azərbaycan dilində təhsil verən müəllimlərin sayının azalması, onların yaşlanması və yerinə yeni kadrların hazırlanmayaraq bu sahənin boş qalması yaxın gələcəkdə azərbaycandilli məktəblərin tamamilə yox olmasına səbəb ola bilər. Bu baxımdan, Gürcüstanda Azərbaycan pedaqoji universitetinin təsis edilməsi vacib və təxirəsalınmaz məsələdir".

Esmira Rəhimova eyni zamanda bu sahədə geniş ictimai hərəkatın başlamasının vacibliyini vurğulayıb:

"Məktəb məsələsinə ciddi yanaşmaq lazımdır. Bununla bağlı geniş ictimai hərəkat başlamalıdır. Mən ictimai fondun yaradılması təklifini irəli sürürəm. Həmçinin, azərbaycandilli məktəblərdə kitab fondlarının yaradılmasına da çalışmalıyıq. Kimi isə günahlandırmaq asandır, lakin səbəblərə diqqətlə baxmalı və bu istiqamətdə real addımlar atmalıyıq. Düzünü desək, inanmıram ki, yaxın zamanda Gürcüstandakı azərbaycanlı məktəblərinin inkişafına daha çox diqqət göstəriləcək. Amma biz bunun üçün səylə çalışmalıyıq".

 

Pərvanə Fərhadqızı

QHT.az