"Azad olunmuş ərazilərdə yerli QHT-lərin yaradılması təşviq olunmalıdır" – Anar Xəlilov
Bu gün Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində doğma yurdlarına yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Proseslə bağlı QHT.az-a açıqlama verən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Anar Xəlilov bildirib ki, işğaldan azad olunmuş torpaqlara qayıdış uğurla və mərhələli şəkildə davam edir:
“Bu mərhələdə 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə 15 ailə – 68 nəfər köçürülüb. Bu prosesi izləmək çox qürurvericidir. Biz geri dönən insanların sevinc və minnətdarlıq hisslərini müşahidə edirik. Dövlət Komitəsi tərəfindən köç prosesi diqqətlə və məsuliyyətlə həyata keçirilir. Öz yurdlarına qayıtmaqla bağlı keçmiş məcburi köçkünlərin Komitəyə müraciətləri demək olar ki, hər gün artır. Məlum olduğu kimi, bərpa olunan ərazilərimizdə Dövlət başçısının rəhbərliyi altında müasir evlər və infrastruktur yaradılmışdır. Eyni zamanda, məşğulluğun təmin olunması istiqamətində də işlər görülür. Bu, çox vacib sahələrdən biridir. Bu gün dövlətin əsas qayğılarından biri də geri dönən əhalinin sosial müdafiəsinin təmin olunmasıdır. Burada əsas şərtlərdən biri məşğulluqdur. Hesab edirəm ki, bu sahədə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da yardımına ehtiyac var. Məsələn, bərpa olunmuş yaşayış məskənlərində kiçik sahibkarlığın yaradılması üçün əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsində QHT-lər yardım göstərə bilər”.
Anar Xəlilov qeyd edib ki, doğrudur, bu istiqamətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi böyük işlər görür, müxtəlif peşə istiqamətləri üzrə kurslar təşkil edir və avadanlıqlarla təmin edir:
"Lakin vətəndaş cəmiyyəti institutları da bu prosesə qoşula və yeni layihələrini bu istiqamətə yönəldə bilərlər. Eyni zamanda müxtəlif sosial layihələri də həyata keçirə bilərlər. Bundan əlavə, vətəndaş cəmiyyəti institutları əhalinin adaptasiya prosesində də mühüm rol oynaya bilərlər. Bu, onların birbaşa funksiyalarından biridir. Yaxın gələcəkdə hesab edirəm ki, vətəndaş cəmiyyəti institutlarının işğaldan azad edilmiş ərazilərdə daha fəal şəkildə fəaliyyət göstərməsinə ehtiyac yaranacaq".
İctimai fəalın sözlərinə görə, gələcəkdə azad olunmuş ərazilərdə yerli QHT-lərin yaradılması da təşviq olunmalı, bu istiqamətdə təcrübəli qeyri-hökumət təşkilatları dəstək göstərməlidir.
Pərvanə Fərhadqızı
QHT.az