“QIRMIZI GÖZ YAŞI” - Lənkəranda anım tədbiri
“QIRMIZI GÖZ YAŞI” - Lənkəranda anım tədbiri
Lənkəranda şəhid Elməddin Məmmədlinin 30 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbində təşkil olunan tədbirdə şəhid ailələri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Münasib Nuriyev təhsil ocağının məzunu olmuş Elməddin Məmmədli kimi qəhrəman Vətən övladlarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi yönümündə bu cür tədbirlərin keçirilməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb.
Sonra Elməddin Məmmədlinin şərəfli döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, rayon təhsil sektorunun baş məsləhətçisi Cəmil Axundzadə, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Vətən Müharibəsi Veteranları İB-nin Lənkəran bölməsinin sədr müavini Saleh Dostuyev və başqaları Elməddin kimi igid oğullarımızın Ali Baş Komandanın “Dəmir Yumruq”u ətrafında birləşərək torpaqlarımızı düşməndən azad etməklə bizə böyük qürur yaşatdıqlarını diqqətə çatdırıblar.
M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbin və S.Kazımbəyov adına şəhər 6 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Qırmızı göz yaşı” adlı ədəbi-bədii kompozisiya təqdim edilib, şeirlər səsləndirilib.
Şəhidin ailə üzvləri qəhrəman övladları barədə xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına, xüsusilə Göyşaban kənd Mədəniyyət Evinin və Göyşaban kənd tam orta məktəbinin rəhbərlik və kollektivinə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, şəhid əsgər Məmmədli Elməddin Ələddin oğlu 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. 2012-ci ildə Göyşaban kənd tam orta məktəbini bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. İdmanın ağır atletika növünə marağı olub.
Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. Vətən müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanan Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib.
24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Akif AĞAYEV