Musa Quliyev: "Əməyin mühafizəsi işçilərin fundamental haqqıdır, bizim isə vəzifəmizdir"

Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanın Konstitusiyasının 35-ci maddəsi hər kəsin təhlükəsiz əmək şəraitində işləmək hüququnu təsbit edir.

QHT.az xəbər verir ki, Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyev ölkədə əmək hüquqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayır:

"Ölkə üzrə həm miqrantlar, həm də vətəndaşlar üçün mühüm tədbirlər həyata keçirilir, aktlar qəbul olunur, müvafiq işlər görülür. Dövlət Əmək Fondu yaradılıb və islahatlar çərçivəsində elektronlaşma və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılıb. Zamanın dəyişməsi yeni çağırışlar yaradıb. Süni intellekt artıq iş yerlərində effektiv alətə çevrilib. Yüksək texnologiyalı 'smart' sistemlərin tətbiqi əmək bazarında aktuallıq qazanıb. Biz, Milli Məclisin sosial siyasət komitəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları və Sahibkarlar Milli Konfederasiyası ilə sıx əməkdaşlıq edirik. Əməyin mühafizəsi işçilərin fundamental haqqıdır, onu qorumaq isə bizim vəzifəmizdir".

Musa Quliyev süni intellektin əmək münasibətlərinə təsiri baxımından da əməkdaşlığın və tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı