Anar Əliyev: "Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır"

"Hazırda Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır".

QHT.az xəbər verir ki, bu sözləri bugün Bakı şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib. Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan kişilərə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələləri əhatə edir.

"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur. Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. 2024-cü ildə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb", - deyə nazir vurğulayıb.

Tədbir çərçivəsində rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının əmək münasibətlərinə təsiri ilə bağlı yerli və beynəlxalq mütəxəssislər tərəfindən geniş təqdimatlar və çıxışlar da təqdim olunub. Konfransda rəqəmsallaşmanın əmək bazarında yaratdığı yeni imkanlar və çağırışlar, işçilərin hüquqlarının qorunması və iş şəraitinin modernləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

 

Pərvanə  Fərhadqızı