Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu ŞƏRH

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycan-Çin münasibətlərində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında yeni imkanlar yaradacaq.

QHT. az bildirir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib.

O xatırladıb ki, tarixi qədim İpək yolundan başlanan Çin-Azərbaycan əlaqələri 2500 illik bir dövrü əhatə edir. Hələ o dövrdən hər iki ölkə arasında ticari, mədəni əlaqələr dinamik inkişaf etmişdi. Müstəqillik tariximizdə də rəsmi Pekinlə Azərbaycanın əlaqələri 34 illik dönəmi əhatə edir. Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı məhz hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır.

Çin-Azərbaycan əlaqələrinin inkişafında və dərinləşməsində “Bir kəmər, bir yol” layihəsinin xüsusi rol oynadığını bildirən V.Hüseynli 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumuna Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyevin dəvət edilməsinin Azərbaycana verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.

“Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alsaq, ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu hər iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik böyük əhəmiyyətə malikdir. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından  birinə malikdir və 2023-cü ildə Çinin ÜDM-i 126,1 trilyon yuana (təxminən 17,7 trilyon dollar) çatıb. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal çağırışlara yüksək həssaslıqla yanaşan və inkişafını daxili resurslar hesabına qurmağı hədəfləyən ölkədir. Bu isə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, dünya liderlərinin Dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır - deyə Ekspert vurğulayıb.

V.Hüseynli bildirib ki, qlobal çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətliliyi dinamik olaraq artır, xarici borcun azaldılması strategiyası uğurla reallaşdırılır.

“Qeyd olunan arqumentlərin fonunda əminliklə demək olar ki, 34 il əvvəl başlanılmış əlaqələrin bu gün daha yüksək səviyyəyə çatdırılması, iqtisadi, diplomatik əlaqələrlə yanaşı, rəsmi Bakı ilə Pekin arasında eyni vaxtda hərbi və mədəni əlaqələrin də qarşılıqlı irəliləməsi dövlətimizin başçısı İlham Əliyevin son səfərinin tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Bundan başqa, hər iki ölkə arasında vizasız gediş-gəlişin tətbiqi, Azərbaycan üçün böyük iqtisadi-ticarı münasibətlərin maneəsiz  inkişafını daha da stimullaşdıracaq. Eyni zamanda, Çinin BMT-nin Təhlükəsizlik Şurasında təmsilçiliyi rəsmi Bakının diplomatik münasibətlərində də müsbət təsirini göstərmiş olacaq”, - deyə siyasi ekspert diqqətə çatdırıb.