Zülfiyyə Nuriyeva İctimai Şuradakı hədəflərini açıqladı - MÜSAHİBƏ

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a müsahibəsində həm qazandığı seçki qələbəsi barədə təəssüratlarını bölüşüb, həm də İctimai Şuradakı fəaliyyətində qarşıya qoyduğu əsas prioritetlərdən, QHT-lərin və medianın rolu, dövlət və vətəndaş cəmiyyəti arasında körpünün möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslərdən bəhs edib.

 

QHT.az: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura seçkilərində qalib gəlmisiniz. Bu, sizin üçün nə deməkdir və İctimai Şurada fəaliyyətinizə hansı əsas prioritetləri müəyyən etmisiniz?

Zülfiyyə Nuriyeva: Seçkidə qazandığım qələbəyə görə, dəstək göstərən həmkarlarına, QHT rəhbərlərinə və üzvlərinə təşəkkürümü bildirirəm. İctimai Şuranın əsas prioritetlərindən biri əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslər olacaq. Əhali arasında özünəməşğulluq və məşğulluq proqramlarının təbliğatını genişləndirəcək, onların bu imkanlara əlçatanlığını təmin etmək üçün dəstək olacağıq. Bu, xüsusilə də ucqar kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək. ƏƏSM Nazirliyinin elektron xidmətləri barədə cəmiyyətin maarifləndirilməsi də vacib məsələlərdəndir. Təşkilat olaraq bu sahədə maarifləndirmə işləri aparmışıq və bu fəaliyyətimizi İctimai Şura çərçivəsində daha da genişləndirəcəyik. Hər bir vətəndaş Nazirliyin xidmətlərindən istifadə etməli, layihələrin məqsədindən xəbərdar olmalıdır. Vətəndaş cəmiyyətinin üzərinə düşən məsuliyyət ƏƏSM Nazirliyinin həyata keçirdiyi sosial layihələri xalqa çatdırmaq, onların məmnunluğunu və rifahını təmin etməyə töhfə verməkdir.

 

QHT.az: Şurada medianın və QHT-lərin təmsilçiliyi sizcə hansı məsələlərin gündəmə gətirilməsində daha təsirli ola bilər?

Zülfiyyə Nuriyeva: İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin başlıca vəzifəsi dövlət qurumlarının fəaliyyətini cəmiyyətə düzgün və dolğun şəkildə çatdırmaqdır. Bu gün biz bir qurumda təmsil olunuruq və həmin qurumun həyata keçirdiyi uğurlu layihələr, əldə etdiyi nailiyyətlər var. Amma cəmiyyətin bundan nə dərəcədə xəbərdar olduğunu müəyyən etmək üçün QHT və media nümayəndələri bu fəaliyyətləri mütləq şəkildə öz platformalarında işıqlandırmalıdırlar. Bu, bizim fəaliyyətimizin əsas hissəsidir. QHT nümayəndələri vətəndaşın problemlərini yaxından bilən şəxslər olaraq, bu məsələləri sistemli şəkildə dövlət qurumlarına çatdırmaq və aparılan işlərin nəticəsini cəmiyyətə göstərməkdə də vacib rol oynayırlar. QHT-lər və media bu sahədə ən yaxşı vasitədir. İctimai Şura həm vətəndaşla, həm də dövlətlə əlaqəni təmin edən informasiya körpüsüdür.

 

QHT.az: İctimai Şura üzvü olaraq nazirlik vətəndaş cəmiyyəti arasında körpü rolunu necə gücləndirməlidir?

Zülfiyyə Nuriyeva: Dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirirəm. Nazirlik və QHT-lər arasında qurulan bu körpü bir çox dövlət qurumlarında müşahidə olunmayan unikal və səmərəli əməkdaşlıq nümunəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız İctimai Şura üzvləri ilə deyil, ümumilikdə QHT sektorunun nümayəndələri ilə də açıq və demokratik əməkdaşlıq formalaşdırıb. Bu, çox uğurlu bir platformadır və biz bu körpünü daha da möhkəmləndirmək, uğurlarına uğur qatmaq üçün çalışırıq. Nazirliyin şəffaf və ictimai iştirakçılığı önə çəkən yanaşmasını xüsusi vurğulayaraq qeyd edib ki, bu münasibətlər çərçivəsində QHT-lər müxtəlif ictimai dinləmələrdə, forumlarda, təqdimatlarda və digər tədbirlərdə aktiv iştirak edir, həyata keçirilən sosial layihələr barədə birbaşa məlumatlanır və bu məlumatları ictimaiyyətə çatdırır.

Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər və digər həssas əhali qruplarına göstərilən diqqət və qayğı daima ön planda saxlanılır. İctimai Şura üzvləri olaraq bizim əsas vəzifəmiz nazirliyin həyata keçirdiyi layihələri, elektron xidmətləri, sosial təminat sahəsindəki yenilikləri cəmiyyətə düzgün şəkildə çatdırmaq və bu xidmətlərə əlçatanlığın təmin edilməsinə dəstək olmaqdır.

“DOST” mərkəzlərinin fəaliyyətini də yüksək qiymətləndirirəm, vətəndaşları təqdim olunan xidmətlərdən daha geniş istifadə etməyə çağırıram. "DOST mərkəzləri vətəndaş üçün ən yaxın və etibarlı ünvanlardandır. Elektron xidmətlərə əlçatanlıq, hüquqlar barədə məlumatlandırma baxımından bu mərkəzlər əvəzsizdir. Mən bütün vətəndaşları bu imkanlardan maksimum yararlanmağa dəvət edirəm. Hər zaman zirvələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi!  


QHT.az: Zülfiyyə xanım, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sizə yeni tərkibdəki İctimai Şurada fəaliyyətinizdə uğurlar arzulayırıq.

Zülfiyyə Nuriyeva: Mən təşəkkür edirəm! QHT.az kimi cəmiyyətə önəmli informasiyalar çatdıran bir platforma ilə bu dialoqda olmaq mənim üçün xoşdur. Təşəkkürlər!

 

 

Pərvanə Fərhadqızı

QHT.az