“Ərzaq təhlükəsizliyi iqlim və su siyasətindən birbaşa asılıdır” - Pərvanə Vəliyeva ilə MÜSAHİBƏ

İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ərzaq təhlükəsizliyi – bu problemlər bu gün təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi çağırışlara səbəb olur. QHT.az olaraq, bu sahədə mövcud vəziyyəti və həll yollarını Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilə müzakirə etdik. Müsahibəmizdə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, su ehtiyatları, çirklənmə riskləri, eləcə də subsidiyaların ədalətli bölüşdürülməsi məsələləri ətrafında danışdıq.

 

QHT.az: Pərvanə xanım son illərdə iqlim dəyişikliyi və su ehtiyatlarının azalması kənd təsərrüfatı sektoruna necə təsir edir?

Pərvanə Vəliyeva: İqlim dəyişmələri və su ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar kənd təsərrüfatı sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. Son illərdə dünya üzrə müşahidə olunan quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. Qlobal istiləşmə bitkilərin böyüməsini ləngidir, bu da kənd təsərrüfatına geniş təsir göstərərək ərzaq təhlükəsizliyini risk altına qoya bilər. COP29 zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri oldu. Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Səhiyyə və ərzaq təhlükəsizliyi adlı sessiyada iqlim dəyişmələrinin dünya ərzaq təhlükəsizliyinə mənfi təsirləri və adaptasiya tədbirlərinin dayanıqlı kənd təsərrüfatına töhfəsi müzakirə olundu.

 

QHT.az: Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması hansı problemləri yaradır? Suvarma suyu ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

Pərvanə Vəliyeva: Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır. Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına baxmayaraq, bitkilərin böyümə dövrlərində yağıntının az olması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir. Hazırda suvarma suyuna olan tələbatın yalnız 20%-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80%-i isə tranzit suların payına düşür. İndi Həkəriçay, Bərgüşad və Araz çaylarının üzərində su anbarının tikilməsi nəzərdə tutulur, ancaq bunu da qeyd etmək lazımdır ki, bu üç çay da tranzit çaylarımızdır və Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayəsi fəaliyyəti nəticəsində uzun illərdir ağır metallarla çirkləndirilir. Bu sahədə advokasiyamızı artırmalıyıq. Çirklənmiş suyun ətraf mühitə, bitkilərə və heyvanlara dolayısı ilə təsiri nəticəsində baş verir. Bioakkumulyasiya və biomagnifikasiya nəticəsində ağır metallar balıqlarda, iribuynuzlu heyvanlarda və digər kənd təsərrüfatı məhsullarında yığılır. İnsanlar bu məhsulları yedikdə tədricən sağlamlıqlarına zərər dəyir. Çirkli su ilə suvarılan bitkilər (tərəvəz, meyvə və taxıllar) bu metalları udur. Uzun müddət bu qidaların qəbulu qaraciyər, böyrək və sümük problemlərinə səbəb ola bilər.

Rəsmi məlumatlara əsasən, su ehtiyatları 15-20% azalıb. Bu vəziyyət su ehtiyatlarından səmərəli istifadə edilməsinin zəruriliyini gündəmə gətirir. Problemin həlli üçün innovativ suvarma texnologiyalarının tətbiqi prioritet məsələdir. Gələcəkdə kiçik pay torpaq sahiblərinin də damcılı suvarma sistemlərindən istifadə etməsi nəzərdə tutulması faydalı olardı.

 

QHT.az: Subsidiya siyasəti ilə bağlı da fikirlərinizi bölüşərdiniz.

Pərvanə Vəliyeva: Aqrar Subsidiya Şurası tərəfindən 2025-ci il üçün subsidiya əmsalları açıqlanıb. Subsidiyalar həm pul, həm də gübrə şəklində verilir. Bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotaları üzrə əkin subsidiyası hazırda torpağın hektarına görə müəyyən edilib. Belə olan halda, məhsuldarlıq olmasa da, dövlət vəsaiti xərclənir. Bəzi sahibkarlar eyni həcmdə torpaqdan 5 ton, bəzisi isə 1 ton məhsul götürür, amma eyni miqdarda subsidiya alır. Burada hansısa ədalətli yanaşma tətbiq oluna bilər. Subsidiyanın məhsuldarlığa görə verilməsi daha yaxşı olar, fermerlər maraqlı olar ki, daha çox məhsul əldə etsinlər. Əgər məhsuldarlığa görə verilsə, fermerlər daha çox torpaq sahəsini əkməyi yox, intensiv təsərrüfatla məşğul olmağı düşünərlər.

 

QHT.az: Təşəkkür edirik, Pərvanə xanım!

Pərvanə Vəliyeva: Mən təşəkkür edirəm. Bu mövzularda ictimai məlumatlılığın artırılması çox vacibdir.

 

 

Pərvanə Fərhadqızı

QHT.az