"Aral faciəsi Xəzər üçün də xəbərdarlıqdır" – QHT sədrinin ekoloji fəlakətlə bağlı AÇIQLAMASI

Aral dənizinin ekoloji fəlakətini XXI əsrin ən ciddi antropogen böhranı adlandırıb.

QHT.az-a açıqlama verən “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova bildirib ki, Aral dənizinin 80 il ərzində 1,1 milyard ton su itkisinə məruz qalması nəticəsində regionda ekoloji tarazlıq ciddi şəkildə pozulub. Onun sözlərinə görə, quruma nəticəsində dənizin dibi yer qabığında sıçrama effekti yaradıb, torpaq qatında dəyişikliklər peyk görüntüləri vasitəsilə də müşahidə olunmaqdadır:

"Artıq Aral dənizinin 500 km-ə qədər ətrafında torpaq səthində şişkinliklər qeydə alınır. Bu, təkcə Mərkəzi Asiya üçün deyil, Xəzər regionu üçün də təhlükə siqnalıdır. Aralın quruması nəticəsində 130-dan çox heyvan və 30 növ balıq məhv olub, iqlim dəyişiklikləri isə geniş əraziləri əhatə etməyə başlayıb. Ən narahatedici məqamlardan biri də qurumuş ərazilərdən qalxan duz və kimyəvi tullantılarla zəngin toz buludlarının küləklə uzaq məsafələrə yayılmasıdır. Bu isə əhalinin sağlamlığına birbaşa zərbə vurur – xüsusilə tənəffüs yolları xəstəlikləri, göz və xərçəng xəstəlikləri geniş yayılmağa başlayıb".

İradə Həsənova bildirib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan Aral faciəsinin fəsadlarını aradan qaldırmağa çalışsa da, artıq çox gecdir. Aral dənizinin dirçəldilməsi mümkün deyil. O, xüsusilə vaxtilə Sırdərya və Amudərya çaylarının su ehtiyatlarının qeyri-sağlam şəkildə istismarının dənizin taleyində həlledici rol oynadığını vurğulayıb: 

"Ümidverici hal kimi isə qeyd edilir ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin martınadək Aralın şimal hissəsinə 1.6 milyard kub metr su axıdılıb və bu göstəricinin ilin sonunadək 23.2 milyard kub metrə çatacağı gözlənilir. Xəzəryanı ölkələr Aral faciəsindən dərs çıxarmalıdırlar. Hal-hazırda Xəzər dənizinin ekoloji durumu da narahatedicidir. Proqnozlara əsasən, 2030-cu ilədək Xəzər dənizinin səviyyəsi 18 metrə qədər aşağı düşə bilər. Əgər bu sahədə təxirəsalınmaz və birgə tədbirlər görülməzsə, Xəzəri də Aralın taleyi gözləyə bilər".

 

 

Pərvanə Fərhadqızı