Uşaq əməyinə qarşı mübarizə güclənir
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2025-ci il fəaliyyət planına uyğun olaraq, Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimova “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət ünvanlanıb.
QHT.az xəbər verir ki, müraciət Milli Koordinator tərəfindən dəstəklənmişdir. Koalisiya, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə Abşeron, Xızı, Sumqayıt RPİ, Quba, Xaçmaz, Şabran, Goranboy, Samux, Daşkəsən, Gəncə, Göygöl, Saatlı, Sabirabad, Ağdaş, İmişli, Göyçay, Şirvan, Biləsuvar, Hacıqabul, Laçın, Zəngilan, Cəbrayıl, Şamaxı, Qobustan və Ağsu rayon polis idarələrinin əməkdaşları – sahə müvəkkilləri və uşaq inspektorları üçün 2025-ci ilin may, iyun və iyul aylarında təlimlər təşkil edəcəkdir.
Təlimlərə başlamazdan öncə, 17 mart 2025-ci il tarixində Koalisiya üzvləri üçün "təlimçilər üçün təlim" proqramı həyata keçirilmişdir. Sertifikat əldə etmiş təlimçilər yuxarıda qeyd olunan bölgələrdə təlimləri könüllü şəkildə həyata keçirəcəklər.