Cəmilə Çingizqızı: “Bu səssiz dünyada, baxışlar səsdən daha gur danışır”

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı eşitmə məhdudiyyətli şəxslərin dünyasına toxunan dərin və duyğusal bir mesajla paylaşım edib.

Onun sözlərinə görə, bəzən bir baxış bir kitabdan daha çox söz deyə bilir:

"Çünki gözlər — sözsüz danışan, sükutda iz buraxan gücdür. Eşitmə məhdudiyyəti olan insanlar üçün baxışlar, mimikalar və əl hərəkətləri dünyanın ritmini duymağın və insanlarla əlaqə qurmağın ən təsirli vasitəsidir. Onlar səssizliyə doğulsalar da, bu heç də onların susduqları anlamına gəlmir. Onlar hisslərin və duyğuların dilində danışırlar. Biz danışarkən bəzən unuduruq ki, qarşı tərəf bizi səsimizdən yox, baxışlarımızdan anlayır. Bir təbəssüm, bir baş işarəsi, bir sevgi dolu baxış — onlar üçün bütün bir hekayəni izah edə bilər” .

Cəmilə Çingizqızı vurğulayıb ki, bu insanlar bizə baxaraq “eşidirlər”, toxunaraq “danışırlar” və bu anlaşma bəzən səsin ifadə edə bilmədiyi qədər saf və səmimi olur. Onun sözlərinə görə, bəzən eşitmək kifayət etmir, amma hiss etmək – hər şeyi dəyişə bilər:

“Ona görə də bizlərə düşən, daha çox danışmaq yox, daha çox hiss etdirməkdir. Çünki bu səssiz dünyada, baxışlar səsdən daha gur danışır".

Cəmiyyət olaraq daha anlayışlı, empatiya dolu yanaşmanın vacibliyinə diqqət çəkən İctimai Birlik rəhbəri eşitmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyası üçün hər birimizin üzərinə məsuliyyət düşdüyünü bildirib.

 

Pərvanə Fərhadqızı