Ana dilimiz – Kimliyimiz, qürurumuz, borcumuz / Pərvanə Vəliyeva yazır

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Hələ 20-ci əsrin əvvəllərində və ortalarında Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ölkələrin ictimai-siyasi həyatında dil məsələsi olduqca böyük problemlə üzləşirdi. Milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilirdi. Hətta 30-cu illərdə dil məsələsini gündəmə gətirənlərin aqibəti Sibirə sürgün olunma ilə nəticələnirdi. Ana dilinin tətbiqi və istifadəsində əziyyət çəkən ölkələrdən biri də Azərbaycan idi. Tarixi köklərə söykənən ana dilimizin mövcud olmasına baxmayaraq, həmin dövrün ziyalıları dilimizdən istifadə edilməsinə və bu məsələnin gündəmə gətirilməsinə cəsarət belə etmirdilər.

Bütün bu çətinliklərə və dilimizin unutdurulmasına baxmayaraq, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Ulu Öndər Dövlət dili uğrunda durmadan mübarizə apararaq, xalqı ana dilinin dövlət dili kimi tanınması uğrunda mübarizəyə cəlb etməyə çalışırdı. Azərbaycanın dilçi alimlərinə yüksək diqqət və qayğı göstərməklə, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına şərait yaratmaqla və bu kimi tədbirlər görməklə ana dilimizin daha da inkişaf etdirilməsinə səy göstərirdi. Ulu Öndər bütün bu təqdirəlayiq əməlləri ilə əslində ana dilimizin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ana dili uğrunda çox mücadilələrdən sonra nəhayət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin yarandığı bir dövrdə, Heydər Əliyevin bu istiqamətdə atdığı doğru addımlar dilimizin inkişafına, sərbəst istifadəsinə və bütün dünyada tanınmasına zəmin yaratdı. Ümummilli Liderin tələbi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Müstəqilliyimiz dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən ana dilimizlə bağlı bir çox Fərmanlar imzalanmışdır.

İlk olaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan sonra həmin ilin 9 avqust tarixində imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Daha sonra 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ulu Öndər tərəfindən imzalanmış bütün bu Fərman və Qanunlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

26 noyabr 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider Heydər Əliyev öz nitqində dilimiz barədə “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik” fikirini bildirməklə, ana dilimizə nə qədər çox bağlı olduğunu, onu sevdiyini və hər zaman dilimizlə qürür duyduğunu xalqa çatdırmışdır.

Gənc nəslin nümayəndəsi olaraq biz də bu gün Ümummilli Lider Heydər Əliyevin ana dilimiz barəsində verdiyi tövsiyələrə əməl edərək, dilimizin qorunması, inkişafı və daha da zənginləşməsi istiqamətində onun yolunu davam etdirərək, ana dilimizin bütün dünyada tanınması, özümüzdən sonra gələn nəsilə tam dolğun formada çatdırılması və onlara sevdirilməsi üçün yorulmadan çalışmalıyıq.

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı