DSMF nümayəndə heyəti Serbiyada işgüzar səfərdə olub

Serbiya Respublikasının Pensiya və Əlillikdən Sığorta Fondunun (PƏSF) dəvəti ilə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgərin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində qurumların nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Nümayəndə heyətinin rəhbəri Mətin Əsgər PƏSF-nin direktoru Relja Oqnjenoviç ilə görüşdə sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, tətbiq edilən innovativ yanaşmalar və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəflərdən danışıb.

Görüşlərdə iştirak edən Serbiya Respublikası Sosial Sığorta Qurumunun direktoru Zoran Panoviç Serbiyada məcburi pensiya sığortası və könüllü pensiya sistemi barədə məlumat verib. Tərəflər arasında sosial təminat sistemlərinin təkmilləşdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.