Uşaqlara qarşı zorakılığın qarşısının alınması məqsədilə sosial işçilər üçün təlim keçirilib - FOTOLAR
"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumovanın rəhbərliyi ilə sosial işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim təşkil olunub.
QHT.az xəbər verir ki, QHT sədri bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün keçirilən iki günlük təlim “Uşaqlarda zorakılığın aşkar olunması və bu prosesdə sosial işçilərin rolu” mövzusuna həsr edilib:
"Təlim "Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO və Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə Agentliyin müxtəlif şöbə və müəssisələrində çalışan 25 sosial işçi iştirak edib. Təlimin əsas məqsədi uşaqlara qarşı zorakılıq hallarının müəyyənləşdirilməsi və aşkarlanması sahəsində müasir və effektiv metodların tətbiqini təşviq etmək, eyni zamanda sosial işçilərin fəaliyyətində qurumlararası və kompleks yanaşma bacarıqlarını inkişaf etdirmək olub. İştirakçılar ailə və məktəblərlə qarşılıqlı əməkdaşlıq, ailə üzvləri ilə fərdi yanaşma, hadisələrin düzgün təhlili, zorakılıq qurbanlarına psixososial dəstək, risklərin qiymətləndirilməsi və digər mühüm sahələrdə praktiki biliklər əldə ediblər".
Kəmalə Aşumova bildirib ki, təlimdə interaktiv metodlara geniş yer verilib, iştirakçılar qrup işi formatında real situasiyaları təhlil edərək müzakirələr aparıblar. Təlimin təşkilində göstərilən dəstəyə görə Sosial Xidmətlər Agentliyinə təşəkkürünü bildirən Kəmalə Aşumova bu cür təşəbbüslərin sosial rifah sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.