Elşad Məmmədov: “Əhalinin sosial problemlərinin həllinə aktiv şəkildə töhfə vermək əsas prioritetimizdir”
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Məmmədov QHT.az-a açıqlamasında Şurada üçüncü dəfə təmsil olunmasının onun üçün böyük etimad və eyni zamanda məsuliyyət olduğunu bildirib.
Elşad Məmmədov qeyd edib ki, sosial cəhətdən həssas əhali qrupları ilə birbaşa işləyən bir qurumun yanında təkrar seçilmək, göstərilən etimadın ifadəsidir:
“Bu, mənim üçün yüksək qiymətləndiriləcək bir məsələdir. İctimai Şuranın əsas vəzifəsi əhalinin sosial çağırışlarını aidiyyəti dövlət qurumlarına çatdırmaq, ictimaiyyətdəki gözləntilərlə dövlət qurumları arasında effektiv kommunikasiyanı təmin etmək və bu prosesdə fəal iştirak etməkdir.”
QHT sədri bildirib ki, İctimai Şuranın yeni tərkibində sosial media və QHT nümayəndələrinin geniş təmsil olunması bu fəaliyyətin effektivliyini daha da artırır:
“Yeni tərkibdə sosial şəbəkələrdə və mediada aktiv olan, cəmiyyətdə tanınan şəxslərin yer alması, ictimai fikrin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, bu, İctimai Şuranın gündəmə mühüm məsələlərin gətirilməsi və müzakirəyə çıxarılması baxımından fəaliyyətini gücləndirəcək.”
Elşad Məmmədov İctimai Şurada gələcək fəaliyyətində də bu məqsədlərə xidmət etməyə davam edəcəyini vurğulayıb.
Pərvanə Fərhadqızı