Dollar ucuzlaşır, avro bahalaşır – bu nə deməkdir? QHT sədri AÇIQLAYIB

"Dolların ucuzlaşması və avronun bahalaşması bir sıra inkişaf etmiş ölkələr üçün müsbət iqtisadi təsirlər yarada bilər".

Bu sözləri QHT.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Ekspertin sözlərinə görə, bir çox ölkə xarici borcunu dollarla aldığı üçün dolların zəifləməsi bu borcların ödənilməsini asanlaşdıra bilər:

"Ölkələrin çoxu dollarla borclanıb və bu, onların gələcəkdə xarici borclarının ödənilməsində təzyiqləri azaldacaq, borcların daha rahat ödənilməsinə dəstək ola bilər. Digər tərəfdən, Amerikadan idxal olunan məhsulları daha ucuz əldə etmək imkanı qazanacaqlar. Həmçinin mərkəzi banklar uçot dərəcələrini azalda bilərlər ki, bu da yerli iqtisadiyyatları təşviq edə bilər. Bundan əlavə, idxaldan asılı ölkələr üçün də bu, müsbət hal ola bilər. Çünki bilirsiniz ki, əsas resurslar – yəni neft və qaz – dollarla dövriyyə edir və dolların ucuzlaşması bu resurslara daha əlverişli çıxış imkanı yaradır. Lakin bu, Avropadan idxal olunan məhsulların qiymətinin artmasına səbəb ola bilər və Avropanın öz iqtisadiyyatına da müəyyən təsirlər göstərə bilər".

Ekspert yekun olaraq qeyd edib ki, dollar-avro məzənnəsində yaranan fərqlər əsasən dollardan asılı olan ölkələrin iqtisadiyyatına müsbət təsir göstərmək potensialına malikdir.

 

Pərvanə Fərhadqızı

QHT.az