Zenfira Mustafayeva: "Uşağın gələcək uğuru sizin də uğurunuzdur"
“Uşaqların ən həssas dövrü 12–14 yaş arasıdır. Bu yaş dövründə hər bir yeniyetmə macəra axtarır, özünü yetkin hesab edir, hər sözdən inciyir, yeniliklər arzulayır və sərbəstlik istəyir".
Bu sözləri “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib. QHT sədri bu sahədə müşahidə edilən əsas problemlərə toxunub: "Son vaxtlar valideynlərin övladları ilə az təmas qurması, yalnız qida və geyim təminatı ilə kifayətlənməsi, uşağın şəxsi problemi ilə maraqlanmaması, yarımçıq ailələrin artması, evdə ata zəhminin hiss olunmaması, asudə vaxtın səmərəli keçirilməsi üçün şəraitin olmaması, sosial şəbəkələrdə diqqət və sevgi axtarışı, məktəbdə diqqətdən kənarda qalmaq və təhsilin maraqsız olması bu uşaqları riskli vəziyyətə salır.”
Zenfira Mustafayevanın fikrincə, yeniyetmələrin maraq dairəsi ilə maraqlanmaq və onlara diqqət ayırmaq cəmiyyət olaraq hər birimizin borcudur: “Mənfi hadisələrə ‘məndən keçdi, qonşuya dəydi’ prinsipi ilə yanaşsaq, sabah bu problem hamımızın qapısını döyəcək. Məktəblərdə valideynlərlə daha sıx görüşlər keçirilməli, onların problemləri dinlənilməli, uşaqlarla psixoloji söhbətlər aparılmalıdır. Özüm də müəllim kimi tövsiyə edirəm: dərs zamanı 5-10 dəqiqə dəyərlərdən danışın, bu çox şeyə təsir edir.”
Qurumun əməkdaşlarının hal-hazırda 7 risk qrupuna daxil olan uşaq və onların ailələri ilə fərdi iş apardığını bildirən təşkilat rəhbəri əlavə edib ki, bu cür görüşlər tez-tez keçirilməli, maarifləndirmə tədbirləri genişləndirilməlidir. Sonda valideynlərə müraciət edən Zenfira Mustafayeva bildirib ki, əgər övladınız varsa, artıq siz təkcə özünüz üçün yox, onun üçün yaşamalısınız: "Uşağın gələcək uğuru sizin də uğurunuzdur. "Özün üçün yaşa" fikri ilə razı deyiləm. Biz övladlarımız üçün, onların ləyaqətli həyatı üçün yaşamalıyıq.”
Pərvanə Fərhadqızı
QHT.az