"Hava şəraitinin kəskin dəyişməsi insan sağlamlığına təhlükə yaradır"– QHT sədri

Son aylarda Azərbaycanda müşahidə olunan hava şəraitinin kəskin dəyişməsi əhali arasında narahatlığa səbəb olub.

Mütəxəssislər bildirirlər ki, bu proseslər təkcə lokal deyil, qlobal iqlim dəyişikliyinin nəticəsidir.

Mövzu ilə bağlı QHT.az-a açıqlama verən “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova bildirib ki, XX əsrdən başlayaraq insanların təbiətə artan təsiri, əhalinin sayının sürətlə artması və təsərrüfat fəaliyyətlərinin genişlənməsi nəticəsində insanla təbiət arasında balans pozulub:

“İnsan həyatı üçün ən vacib mənbə təbiətdir. Lakin bu mənbəyə vurulan ziyan ekoloji böhranı dərinləşdirir. Ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və təbii mühitin dağılması iqlim dəyişikliklərinə səbəb olub”.

İradə Həsənovanın sözlərinə görə, Azərbaycanda da iqlim dəyişikliklərinin təsiri artıq açıq şəkildə hiss edilir. Yaz fəslində hava şəraitinin qəfil soyuması və istiləşməsi insanların sağlamlığına mənfi təsir göstərir:

“Nisbi rütubətin dəyişməsi yuxarı tənəffüs yollarının adaptasiyasını pozur, allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur. Havanın tez-tez dəyişməsi həmçinin sinir və hormonal sistemin pozulmasına, damar spazmlarına, immun sisteminin zəifləməsinə yol açır. Bu proseslərin qarşısını almaq üçün kompleks tədbirlər görülməli, insan fəaliyyətinin təbiətə təsiri minimuma endirilməlidir. İqlim dəyişiklikləri artıq təkcə alimləri deyil, adi vətəndaşları, siyasətçiləri və hökumətləri də narahat etməyə başlayıb. İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququ təmin olunmalı və havalara qarşı hazırlıqlı olmağa çağırış edilməlidir”.

QHT sədri hesab edir ki, müasir dövrdə insanın təbiətlə harmoniyada yaşaması həm indiki, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən ətraf mühitin qorunması dövlət siyasətində və ictimai şüurda prioritet məsələ olmalıdır.

 

Pərvanə Fərhadqızı

QHT.az