Elşad Məmmədov: “Azəri Layt neftinin ucuzlaşması qlobal iqtisadi proseslərlə bağlıdır”
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, “Azəri Layt” markalı neftin qiymətində müşahidə olunan enmə dünya iqtisadiyyatında və geosiyasi sahədə baş verən dəyişikliklərlə əlaqəlidir.
Professorun sözlərinə görə, son həftələrdə və aylarda dünya bazarında neftin qiymətində ümumi azalma tendensiyası müşahidə olunur. Bu proseslərə əsasən ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə tətbiq olunan iqtisadi və ticarət siyasətləri ciddi təsir göstərib.
Elşad Məmmədov qeyd edib ki, Tramp administrasiyası dövründə dünya iqtisadiyyatında ticarət, nəqliyyat və logistika əlaqələrinin strukturunda ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklər bir sıra bölgələrdə işgüzar fəallığın azalmasına, nəticə etibarilə isə enerji daşıyıcılarına, xüsusilə də neftə olan tələbin düşməsinə səbəb olub.
“Tramp administrasiyası ABŞ istehsalçıları üçün əlverişli şərait yaratmağa çalışırdı. Bu məqsədlə əsas rəqib olan Çin istehsalçılarına qarşı iqtisadi tədbirlər həyata keçirildi. Nəticədə isə ticarət müharibələri fonunda neft bazarında qiymət azalması müşahidə olunur”, – deyə iqtisadçı əlavə edib.
Elşad Məmmədov vurğulayıb ki, bu tendensiya qlobal xarakter daşıyır və Azərbaycan neftinin – Azəri Layt markasının da qiymətinə birbaşa təsir göstərir.
Pərvanə Fərhadqızı
QHT.az