“Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 

“Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 

 

Aprelin 15-də Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb.
Tədbirdə Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rəsmi qonaqlar, mədəniyyət, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 
Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev parkında təşkil olunan kitab sərgisində Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitablarla tanış olublar. 
Açılış mərasimi öncəsi Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, bu gün respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, Cənubi Qafqaz regionunun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. 
Beynəlxalq Mədəniyyət Günündə Masallıda keçirilən bu möhtəşəm tədbiri rayonun ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirən RİH başçısı göstərilən diqqətə görə mədəniyyət nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu layihə ölkəmizdə etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədilə keçirilir. “EV: Embracing Variety”, yəni “Müxtəlifliyə qucaq açaq” ifadəsi müxtəlif etnik qrupların və mədəniyyətlərin vətəni olan Azərbaycanda birgə yaşayış və harmoniyanı, həmçinin bu müxtəlifliyin dəyərləndirilməsini və qorunmasını simvolizə edir.
Tədbirin bədii hissəsi azsaylı xalqların – Masallı (“Halay”), Balakən (“Nanaybi”), Qusar (“Ləzginka”) rayonlarının folklor və rəqs kollektivlərinin, Lənkəran-Astara Regioanal Mədəniyyət İdarəsinin solisti Miriş Hüseynovun ifasında maraqlı konsert proqramı ilə davam edib.
Sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan ölkənin tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqrafları Birliyinin kolleksiyasına aid fotoların nümayiş olunduğu sərginin ekspozisiyasına baxış keçirilib.
“Genetik kod ağacı” adlı interaktiv sərgidə isə iştirakçılar ağac təsviri olan kətan üzərinə barmaq izləriylə yarpaqlar çəkiblər. Hər bir iz cəmiyyətimizin müxtəlifliyini və birliyini, ağacın kökləri irsimizi, budaqları isə gələcəyimizi simvolizə edir.
Sərgi ərzində “Əks səda” installyasiyası da nümayiş etdirilib. Güzgülərdən ibarət olan bu installyasiyada neon boyalar ilə müxtəlif xalqların dillərində yazılar yazılıb. Güzgü izləyicinin özünü multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dairə mədəni müxtəlifliyin açıq və sərhədsiz olduğunu, ultrabənövşəyi boya ilə yazılmış yazılar isə müxtəlif dillərin və mədəniyyətlərin görünməz, lakin real və möhkəm bağlar ilə bir yerdə cəmləşməsini göstərir. 
Son olaraq, Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Azərbaycan Respublikasının Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə ustad dərsləri keçirilib. 
Məlumat üçün bildirək ki, sərgi aprelin 29-a kimi davam edəcək. 

 

Akif AĞAYEV