Şəhid övladları kosmik texnologiyalar sahəsində təlim keçir - FOTOLAR

Şəhid övladları Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində Braziliya Kosmik Agentliyinin mühəndisi tərəfindən keçilən təlimlərdə iştirak edirlər.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən "Kosmik Akademiya"nın təşkilatçılığı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə orta məktəbdə təhsil alan şəhid övladları Azərkosmosun Braziliyanın Kosmik Agentliyi ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə həyata keçirdiyi məktəblilərin "Milli Peyk İnnovasiya Müsabiqəsi"ndə iştirak edirlər.

Bu müsabiqə məktəb siniflərinə kosmos və kosmik texnologiyaları gətirərək, real dünya problemlərinə həllərin işlənib hazırlanmasına imkan yaradır. Müsabiqə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərini (7-10-cu siniflər) milli kurikuluma uyğunlaşdırılmış, intellektual inkişafı təşviq edən tədris təcrübələrinə cəlb etməyi hədəfləyir. Müsabiqənin sonunda 100 orta ümumtəhsil məktəbini təmsil edən 500 məktəbli tənqidi təfəkkür, məntiqi düşünmə, təşəbbüskarlıq və komandada işləmək bacarıqlarını, həmçinin proqramlaşdırma, layihənin idarə edilməsi, elektron sxemlərin dizaynı, kosmik peyklərin qurulması (PocketQube piko-peykləri) və idarə edilməsi eləcə də kosmik missiyanın hazırlanması kimi nəzəri və praktiki biliklərə sahib olacaqlar.