“Hər günü Ekologiya Günü kimi qəbul etməliyik” - QHT sədri

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında 15 aprel – Ekoloji Biliklər Günü münasibətilə ətraf mühitin qorunmasının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, ekologiya – canlı və cansız təbiət arasında qarşılıqlı münasibətləri öyrənən elm olmaqla yanaşı, insan həyatının ayrılmaz hissəsidir:

“Təbiəti insansız, insanı isə təbiətsiz təsəvvür etmək mümkün deyil. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək çətindir. Necə ki, yaşamağı, oxumağı, saymağı bilmədən yaşamaq mümkünsüzdürsə, ekologiyanın əsaslarını bilmədən də yaşamaq o qədər mürəkkəbdir. Ekoloji təhsil və maarifləndirmə, təbiətin mühafizəsi və ekoloji tarazlığın qorunması üçün əsas vasitələrdəndir. İnsanların iqtisadi və şəxsi tələbatlarını ödəmək məqsədilə təbiətə nəzarətsiz və amansız müdaxiləsi ekoloji tarazlığı pozur, nəticədə insan və təbiət arasında harmonik münasibətlər zəifləyir. Artan ekoloji problemlər fonunda Ekoloji Biliklər Günü kimi tarixlərin qeyd edilməsi mühüm əhəmiyyət daşıyır. Bu gün ilk dəfə 1992-ci ildə BMT-nin ətraf mühitin mühafizəsinə həsr olunmuş konfransından sonra qeyd olunmağa başlayıb.”

Sonda İradə Həsənova cəmiyyətə və fərdlərə çağırış edib. Bildirilib ki, dünyanı narahat edən əsas qlobal məsələlərdən biri iqlim dəyişmələridir. Bu dəyişikliklər istixana qazlarının emissiyasının artması, torpaq və su resurslarının tükənməsi və təbii ekosistemlərə zərər verilməsi ilə müşahidə olunur:

“Ətrafımıza və canlılara qarşı məsuliyyətlərimizi yerinə yetirməklə həm özümüzü, həm də təbiəti qorumuş olarıq. Hər günü ekologiya günü kimi qəbul etməliyik. Tək bir dünyada yaşayırıq və gələcək nəsillərə yaşana bilən bir dünya buraxmaq üçün ətraf mühitə qarşı həssas davranmalıyıq.”

 

Pərvanə Fərhadqızı

QHT.az