Komitə sədri QHT rəhbərini təbrik etdi

Hörmətli və əziz dostum, dəyərli Səməd Vəkilov!

Bu gün həyat yolunun mühüm və əlamətdar bir mərhələsidir! 50 illik yubileyin münasibətilə Səni səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və Vətənə xidmət yolunda yeni-yeni uğurlar arzulayıram!

Bu yarım əsrlik ömür yolun zəngin məzmunu ilə seçilir – burada zəhmət, peşəkarlıq, vicdan və mənəvi bütövlük kimi dəyərlər aydın şəkildə görünür. Lakin səni başqalarından fərqləndirən, seçən və həmişə irəli aparan əsas keyfiyyət – dövlətə, dövlətçiliyə və sarsılmaz dostluq münasibətlərinə olan səmimi və sadiq münasibətindir.

Səni tanıdığım 33 il ərzində daim bu dəyərlərə sadiqliyini görmüşəm. 1992-ci ildə – Azərbaycan ən çətin və taleyüklü bir dövrdən keçərkən, sən gənc yaşında böyük bir məsuliyyətin altına girdin. Uşaqlıq çağından ailə dəyərlərindən irəli gələn əzmkarlıq nümayiş etdirərək dərin inam bəslədiyin Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ortaya çıxdın. Bu, sadəcə bir siyasi mövqe deyildi – bu, bir vətəndaş mövqeyi idi, bu yol Azərbaycanın xilası, sabahı və inkişafı üçün seçilmiş doğru yol idi.

Sənin dövlətə və dövlətçiliyə olan münasibətin hər zaman örnək olub. Hüquqşünas olaraq qanunun aliliyini üstün tutmağın, dövlət maraqlarını şəxsi maraqlardan üstün görməyin, millətə və onun gələcəyinə xidmət etməklə bağlı prinsipial mövqeyin daim hörmət doğurub.

Eyni zamanda, dostluğa verdiyin dəyər, dostluq münasibətlərinə sədaqətin, çətin anlarda dəstək olmaqdan çəkinməməyin – bu illər ərzində Səni mənim üçün yalnız dost yox, həm də dayaq, yol yoldaşı edib. Dostluqda etibarın, münasibətlərdə səmimiyyətin və hər zaman haqqın tərəfində olmağın ən yüksək qiymətə layiqdir.

Səməd, 50 illik yubileyin münasibətilə bir daha Səni ürəkdən təbrik edirəm! Arzu edirəm ki, qarşıdakı illər də Sənin üçün mənalı, işıqlı və dövlətə, xalqa xidmətlə dolu olsun. Həyatında daim sevgi, hörmət, vəfa və uğur yoldaşın olsun.

Nə yaxşı ki, varsan. Nə yaxşı ki, mənim dostumsan!

 

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri