Alimlər həyəcan təbili çalır: Kosmos zibilliyə çevrilir

Avropa Kosmik Agentliyinin (ESA) hesabatına görə, Yer orbitində 40 min izlənilə bilən obyekt var, onlardan yalnız 11 mini aktiv peykdir. Qalanları isə kosmik tullantılardır. Kiçik fraqmentlərin sayı yüz milyonlarla ölçülür və bunların əksəriyyəti radarlarda görünmür. Təkcə 2024-cü ildə 2633 yeni fraqment qeydə alınıb.

QHT.az xəbər verir ki, zibillərin toqquşması zəncirvari reaksiya yaradır – hər zərbə daha çox tullantı doğurur. Hətta 5 mm-lik fraqment belə peyklərə və stansiyalara ciddi ziyan vura bilir. 2021-ci ildə belə bir hissəcik ISS-in robot qolunu zədələmişdi. Kosmik tullantılar GPS, hava proqnozları və internet şəbəkələri üçün ciddi təhdid yaradır. Məsələn, SpaceX 2023-cü ildə toqquşmaların qarşısını almaq üçün 25 min dəfə manevr edib. Bu risklərin artması kosmosa çıxışı daha çətin və baha edə bilər.

ESA və NASA beynəlxalq əməkdaşlıq və təcili tədbirlərə çağırır:

  • Tullantıların orbitdən çıxarılması

  • Peyklərin istismardan sonra zəruri şəkildə orbitdən uzaqlaşdırılması

  • Qlobal standartların tətbiqi

Kosmik zibil problemi artıq başlanmış bir fəlakətdir. Təcili tədbirlər görülməzsə, yaxın onilliklərdə kosmosa çıxış imkanımızı itirə bilərik. Məsələ sadəcə vaxt məsələsidir.

 

R.İmanov