Velosipedlər və Mikromobillik: QHT sədri izah edir
İqtisadçı-ekspert Eyyub Kərimli mikromobilliyin sosial və iqtisadi təsirlərini izah edir.
QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli paylaşımında velosipedlərin və ümumilikdə mikromobilliyin (mikromobilite) müasir iqtisadi və sosial həyatdakı roluna diqqət çəkib. O, bildirib ki, dünyada velosipedlərin əhalidən çox olduğu ölkələr az olsa da, bu tendensiya inkişaf etmiş ölkələrdə daha qabarıq şəkildə müşahidə olunur.

Eyyub Kərimlinin qeyd etdiyi kimi, Niderland, Danimarka və Belçika kimi ölkələrdə velosipedlərin sayı əhalinin sayından çoxdur. Bu ölkələrdə infrastrukturun uyğunluğu və relyefin düz olması velosiped sürməni asanlaşdırır. Niderlandda təxminən 17 milyon əhali üçün 22 milyona yaxın velosiped mövcuddur. Danimarkada, xüsusilə Kopenhagen şəhərində, hər gün minlərlə insan gündəlik nəqliyyatda velosipeddən istifadə edir:
Bu cür mikromobil nəqliyyat vasitələrinin – velosipedlər, elektrik skuterləri, segweylər və digər kiçik fərdi və ya paylaşım əsaslı nəqliyyat vasitələrinin – genişlənməsi bir sıra iqtisadi və sosial sahələrə mühüm təsir göstərir:
- Şəhər iqtisadiyyatının canlanması – Mikromobil vasitələr insanların qısa məsafələri daha rahat və ucuz qət etməsinə imkan yaratdığından ticarət obyektlərinə, kafelərə və xidmət sahələrinə çıxış artır. Bu, yerli biznesin inkişafına töhfə verir.
- Yeni iş imkanları və innovasiya – Mikromobillik sahəsində texniki xidmət, tətbiq proqramları və logistik dəstək kimi sahələrdə yeni startaplar və iş yerləri yaranır. Bu isə texnoloji inkişafı stimullaşdırır.
- Ətraf mühitin qorunması – Avtomobil istifadəsinin azalması ilə karbon emissiyaları və hava çirklənməsi minimuma enir. Eyni zamanda, enerji sərfiyyatında səmərəlilik əldə edilir.
- İctimai nəqliyyatla inteqrasiya – Mikromobillik “son kilometr” problemini həll etməyə kömək edir. İnsanlar ictimai nəqliyyatdan istifadə etdikdən sonra son məsafəni rahatlıqla bu vasitələrlə qət edə bilirlər.
- Sosial inklüzivlik və sağlamlıq – Velosiped kimi vasitələr avtomobili olmayan və ya aşağı gəlirli şəxslər üçün əlverişli alternativdir. Həmçinin bu nəqliyyat forması fiziki aktivliyin artmasına və sağlam həyat tərzinin təşviqinə səbəb olur".
Sonda QHT sədri vurğulayır: "İnkişafa və rəvanlığa böyük mühərriklə deyil, velosipedlə də çatmaq olar. Əsas təfəkkürdür. Mikromobillik gəncliyin və gələcəyin yoludur".
Pərvanə Fərhadqızı
QHT.az