Dünyamızı həqiqətən təhdid edən Sibirdə açılan “Cəhənnəmə qapılar”
Kiçik Yakut şəhəri yaxınlığında əmələ gələn çuxur insanlıq üçün potensial təhlükə mənbəyidir.
QHT.az xəbər verir ki, iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi nəticələrindən biri olan Bataqay krateri Rusiyanın Sibir bölgəsində yerləşir. Rutgers Universitetinin təkamülçü bioloqu Skott Traversin yazdığına görə, bu krater təkcə geoloji maraq obyektinə çevrilməyib, həm də potensial təhlükə mənbəyidir. 1960-cı illərdə meşələrin qırılması nəticəsində bölgədəki permafrost əriməyə başlayıb. Bu proses torpağın çökməsinə və kilometrlərlə uzanan dərin yarğanın – “Cəhənnəmə qapı” adlanan Bataqay kraterinin yaranmasına səbəb olub. Krater hələ də genişlənməkdə davam edir və onu dayandırmaq mümkün deyil.
Ən ciddi narahatlıq isə permafrostun əriməsi ilə minlərlə ton karbon və metanın atmosferə yayılması, eləcə də qədim bakteriya və virusların, o cümlədən qarayara kimi xəstəliklərin yenidən aktivləşmə ehtimalıdır.
Travers qeyd edir: “Hər bir ərimə təbəqəsi ilə Bataqayka krateri həm keçmişi, həm də gələcəyimizi üzə çıxarır. Sual budur – biz Yer kürəsinin bu çağırışını dinləməyə hazırıqmı?”
R.İmanov