Qızılın qiyməti artmaqda davam edəcək – Elşad Məmmədovdan AÇIQLAMA
Dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik və böhran şəraiti fonunda qızılın qiymətində artım tendensiyası müşahidə olunur. Bu barədə İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlama verib.
Professor bildirib ki, hazırkı situasiya fonunda qızılın qiymətinin artması gözlənilən və demək olar ki, qaçılmaz bir proses idi:
"Fikrimcə, qızılın qiymətinin artacağı demək olar ki, labüd idi. Çünki dünya iqtisadiyyatında və regional bazarlarda qeyri-müəyyən şərait olduqda bu, mütəmadi olaraq müşahidə edilən bir prosesdir – qızıla olan tələbat artır və nəticə etibarilə qiymətlər yüksəlir."
Elşad Məmmədov qeyd edib ki, qlobal iqtisadi böhranın dərinləşməsi və bu prosesin hələ uzun müddət davam edəcəyi gözlənilir. Bu səbəbdən də qiymət artımı tendensiyasının davam etməsi real görünür:
"Düşünürəm ki, dünya iqtisadiyyatındakı böhranın hələ də dərinləşməsini nəzərə alaraq bu prosesin hələ xeyli müddət çəkəcəyini əminliklə söyləyə bilərik. Biz qızılın qiymətinin bundan sonrakı aylarda, hətta orta müddətli perspektivdə də artacağını proqnozlaşdıra bilərik. Bu da təbii olaraq, ilk növbədə dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər və böhranla əlaqəlidir."
Pərvanə Fərhadqızı
QHT.az