Uşaqların həyatı və sağlamlığı — ən böyük dəyərdir - Kəmalə Aşumova ilə MÜSAHİBƏ
Bu gün məktəblərdə uşaqların təhlükəsizliyi və fövqəladə hallara hazırlığı cəmiyyətin əsas müzakirə mövzularındandır. Bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərən təşkilatlardan biri də “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyidir. Məhz bu mövzuda QHT.az olaraq Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, birlik sədri və eyni zamanda Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova ilə söhbətləşdik.
QHT.az: Kəmalə xanım, məktəblərdə ilk yardım bacarıqlarının tədrisi hansı səbəbdən bu qədər önəmlidir?
Kəmalə Aşumova: Məktəb — uşaqların günlərinin böyük hissəsini keçirdikləri bir məkandır. Burada onlar yalnız təhsil almır, həm də ünsiyyət qurur, inkişaf edir, dincəlirlər. Və insanların sıx toplaşdığı istənilən yerdə olduğu kimi, burada da fövqəladə hallar baş verə bilər. Astma, epilepsiya tutmaları, allergik reaksiyalar, qəfil yıxılmalar və digər vəziyyətlərdə ilkin yardımın göstərilməsi həyati əhəmiyyət kəsb edir.
Təcili yardım bəzən vaxtında gəlib çatmaya bilər. O kritik ilk dəqiqələrdə uşağın ətrafında olan müəllim, məktəb heyəti və ya digər şagirdlər nə etməli olduqlarını bilməlidirlər. İlk yardım bilikləri sadəcə yardım yox, bəzən həyat xilas edir.
QHT.az: Sizin təşkilat bu istiqamətdə hansı işləri görür?
Kəmalə Aşumova: “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi olaraq, 2019-cu ildən etibarən Amerika Ürək Assosiasiyası (AHA) ilə əməkdaşlıqda Azərbaycanda geniş əhali qrupları üçün rəsmi və beynəlxalq sertifikatlı təlim kursları təşkil edirik. Bu təlimlərə HeartSaver CPR AED, HeartSaver First Aid, CPR & AED, həmçinin həkim və xüsusi peşə sahibləri üçün ACLS, BLS və PALS kursları daxildir.
Son 5 ildə 2000-dən çox uşaq, valideyn, müəllim, polis və digər vətəndaş bu təlimlərdə iştirak edib. Kurslar həm nəzəri, həm də praktik məşğələləri əhatə edir və uğurla tamamlayanlara iki illik etibarlılıq müddətinə malik beynəlxalq sertifikat təqdim olunur.
QHT.az: Məktəblər üçün konkret hansı tövsiyə və planlarınız var?
Kəmalə Aşumova: Məktəblərdə ilk yardım üzrə icbari təlimlərin təşkili olduqca vacibdir. Bu, sadəcə fövqəladə hallara hazırlıq deyil, eyni zamanda psixoloji inam, təhlükəsizlik və məsuliyyət mədəniyyətinin formalaşması deməkdir. Biz inanırıq ki, bu təcrübəni ümumtəhsil müəssisələrində tətbiq etməklə Uşaq Müdafiəsi Sisteminin əsasını təşkil edən təhlükəsiz mühiti formalaşdırmaq mümkündür.
“Ümidli Gələcək” olaraq Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa hazırıq və hesab edirik ki, birgə səylər nəticəsində məktəblərdə sistemli şəkildə fiziki təhlükəsizlik və ilkin yardım bilikləri gücləndirilə bilər. Bu, daha sağlam və dayanıqlı cəmiyyətin təməlidir.
QHT.az: Təşəkkür edirik, Kəmalə xanım.
Kəmalə Aşumova: Mən təşəkkür edirəm və fürsətdən istifadə edib bir daha qeyd etmək istəyirəm: “Uşaqların həyatı və sağlamlığı — bizim üçün ən böyük dəyərdir”.
Pərvanə Fərhadqızı
QHT.az