El ağsaqqalı, təhsil fədaisi 

El ağsaqqalı, təhsil fədaisi

 

Bu gün, ömrünün yarım əsrdən çoxunu pedaqoji cəbhəyə bağlayan, 87 yaşlı Masallı ziyalısı, təhsil fədaisi Möhübbət Nurullayevin anadan olduğu gündür. 

 

Nurullayev  Möhübbət Ayaz  oğlu 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olub. İlk təhsilini Ərkivan qəsəbəsindəki "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə Lürən kəndindəki "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. 
    1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldıqdan sonra doğma kəndə fizika-riyaziyyat müəllimi kimi qaydıb. 1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd səkkizillik məktəbində, 1970-1976-cı illərdə Bədəlan kənd orta məktəbində, 1976-2011-ci illərdə Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib. 
İşlədiyi müddətdə neçə şagirdin ömrünə çıraq tutub, ictimai işlərdə fəallığı ilə tanınıb. 
1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü, Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olub. 1990-cı ilin mart ayına qədər 28 saylı Masallı Seçki Dairəsindən Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilib. 
    11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
    19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb. 
    1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülüb.
Ağsaqqallar Şurasının üzvü kimi həmişə cavanlara öz tövsiyələrini verib. 
Masallı rayon İcra Hakimiyyəti və digər təşkilatlar tərəfindən fəxri fərmanlarla, Azərbaycan Respublikası Həmkarlar İttifaqının yubiley döş nişanı medalı ilə təltif olunub.
    Möhübbət müəllim 1978-ci ildə ailə həyatı qurub. Ömür-gün yoldaşı Gülməxmər xanımla (1959-2016) cəmiyyət üçün layiqli altı vətənpərvər övlad – 5 oğul, 1 qız böyüdüblər. Şagirdləri kimi övladlarına da təhsil verməklə bərabər Vətəni sevməyi, həyatda düzgün və dürüst olmağı, insanlara yaxşılıq etməyi öyrədib. 
Tariyel və Maqsud ali təhsilli hüquqşünasdır. Fidan müəllimədir. Qoşqar orta ixtisas təhsilli tibb işçisidir. Əlisəfa menecer işləyir. Ailənin son beşiyi Ayaz da ali təhsillidir. Hər biri ailə, ev-eşik sahibir. Möhübbət babanın 11 nəvəsi var.
      Bu gün ömrünün 87-ci pilləsini adlayan Möhübbət müəllim Masallıda, doğma kəndində işgüzarlığı, təşkilatçılıq qabiliyyəti, qayğıkeşliyi və ən başlıcası, xeyirxahlığı ilə tanınır...

“QHT.AZ” saytı olaraq el-obada böyük nüfuz, şərəfli, mənalı ömür sahibi, müdrik, alicənab ziyalımıza uzun ömür, cansağlığı arzulayırıq.