Hafiz Səfixanov: “Minaların təmizlənməsinə dəstək azaldıqca risklər artır”

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov dünya miqyasında humanitar mina təmizləmə sahəsindəki mövcud problemlərə diqqət çəkib.

QHT.az xəbər verir ki, H.Səfixanovun sözlərinə görə, son illərdə beynəlxalq səviyyədə mina təmizləmə əməliyyatlarına ayrılan maliyyə resurslarında azalma müşahidə olunur:

“Dünyada humanitar mina təmizləmə üçün ayrılan vəsait azaldıqca çətinliklər artacaq. Nəzərə almaq lazımdır ki, aparılan əməliyyatlara baxmayaraq, bu gün dünyada, o cümlədən Azərbaycanda 100 milyondan çox insan minalar və partlamamış hərbi sursatların yaratdığı təhlükə ilə yaşayır”, – deyə o bildirib.

Sədr qeyd edib ki, bu təhlükənin qarşısını almaq üçün mina təmizləmə fəaliyyətlərinə dəstəyin artırılması zəruridir:

“Minaların təmizlənməsinə dəstək artırılmadan bu sahədə real irəliləyişə nail olmaq çətindir. Bu, həm insanların həyatının qorunması, həm də post-münaqişə bölgələrinin bərpası üçün vacib amildir”.

 

Pərvanə Fərhadqızı