"Milli-mənəvi dəyərlərin qorunması və ötürülməsi vacib vəzifədir"– Könül Quliyeva

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva milli-mənəvi dəyərlərin Azərbaycan xalqının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, ənənələrimiz, dini və mədəni irsimiz cəmiyyətimizin əsas dayaqlarından biridir və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi müasir dövrdə prioritet istiqamətlərdəndir.

Könül Quliyeva bildirib ki, hazırda həyata keçirilən layihələrin əsas məqsədi uşaqların, yeniyetmələrin və gənclərin milli ruhda, Azərbaycan xalqının mənəvi dəyərləri əsasında tərbiyə olunmasına xidmət edir. Bu istiqamətdə ailə və məktəb arasında sıx əməkdaşlıq vacibdir. Lakin bəzən bu zəncirin bəzi halqalarında boşluqlar müşahidə olunur. "Bəzi ailələr övladlarının tərbiyəsinə kifayət qədər diqqət ayırmır, məktəblərdə isə neqativ hallara rast gəlinir. Məhz bu kimi boşluqları aradan qaldırmaq məqsədilə Tərtər və Bərdə rayonlarında tədbirlərin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində həmçinin yerli internet televiziyalarında maarifləndirici verlişlər hazırlanacaq".

QHT sədri vurğulayıb ki, Azərbaycan ailəsi həmişə mərhəmət, ədalət, vətənpərvərlik, böyüklərə hörmət və uşaqlara sevgi kimi dəyərlər üzərində qurulub: "Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, sağlam və vətənə bağlı nəsil yetişdirmək üçün ailə və məktəb tərbiyəsi ön planda olmalıdır. Ailə-məktəb münasibətlərinin daha sağlam təməl üzərində qurulması, maarifləndirmə işlərinin genişləndirilməsi və müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi bu istiqamətdə vacib addımlardandır. Unutmamalıyıq ki, maddi sərvətlərdən daha dəyərli olan milli irsimizdir. Bu irsi qorumaq və yaşatmaq hər birimizin borcudur".

 

Pərvanə Fərhadqızı