"Regionlarda qadınların ictimai-siyasi həyatda iştirakı artırılmalıdır" - QHT sədri

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlama verərək Azərbaycanda gender bərabərliyinin demokratik inkişafın əsas prinsipi olduğunu vurğulayıb.

O, qadınların ictimai, mədəni və sosial-siyasi sahələrdə iştirakının cəmiyyətin inkişafı üçün vacib olduğunu qeyd edib. Şərqiyyə Dadaşova bildirib ki, qadınların ailədə və məişətdə əvəzsiz rolu onların ictimai-siyasi sahələrdə də fəaliyyətini zəruri edir. "Qadınların müəllimə və ya həkim, bələdiyyə üzvü və ya deputat, hətta nazir vəzifəsində təmsil olunması cəmiyyətin sağlam, təhsilli və inkişaf etmiş olmasına şərait yaradır. Həmçinin, ictimai və sosial problemlərin daha sürətlə həll olunmasını, ədalətli qanunların qəbulunu və bürokratik əngəllərin aradan qalxmasını təmin edir," – deyə o qeyd edib.

Beynəlxalq sənədlər və Azərbaycan qanunvericiliyi qadınların ictimai-siyasi həyatda iştirakını təmin etmək məqsədilə bir sıra hüquqi aktlar qəbul etmişdir. Bu sənədlərdə qadınların inkişaf istiqamətləri, idarəetmə proseslərindəki rolları və cəmiyyətin mədəni həyatında iştirakları ilə bağlı konkret müddəalar yer alıb. Dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını və mütəmadi olaraq yeni tədbirlər keçirildiyini vurğulayan Şərqiyyə Dadaşova xüsusilə son parlament və bələdiyyə seçkilərində qadın namizədlərin sayının artmasını müsbət hal kimi dəyərləndirib.

Lakin, Şərqiyyə Dadaşova qeyd edib ki, regionlarda qadınların ictimai-siyasi həyata cəlb olunması prosesi hələ də kifayət qədər inkişaf etməyib:

"Region əhalisinin məlumat alma imkanları məhdud olduğu üçün bu problem daha da dərinləşir. Gender bərabərliyinin təmin edilməsi üçün regional televiziyaların və mətbuat vasitələrinin imkanlarından istifadə etməklə ictimai məlumatlandırma tədbirlərinin təşkili vacibdir. Azərbaycanın regionlarında gender statistikasına nəzər salsaq, siyasətdə və ictimai həyatda qadınların balanslaşdırılmış iştirakının zəif olduğu aydın görünür. Bunun səbəbi cəmiyyətdə mövcud olan bəzi patriarxal sosial normalar və regionlarda bu sahədə maarifləndirmə işlərinin yetərincə qurulmamasıdır. Bu baxımdan regional televiziyaların və digər mətbuat vasitələrinin imkanlarından istifadə etməklə ictimai məlumatlandırma tədbirləri həyata keçirmək mümkündür."

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az