"İqliməsaslı ağıllı kənd təsərrüfatı sağlam və təhlükəsiz qida sisteminin əsasını qoyur" - QHT sədri

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri və bu sahədə görülən qabaqlayıcı tədbirlərlə bağlı QHT.az-a geniş açıqlama verib.

İradə Həsənovanın sözlərinə görə, Dünya Bankı Qrupunun 2021–2025-ci illəri əhatə edən İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı çərçivəsində kənd təsərrüfatı və qida dəyər zəncirlərində məhsuldarlığın artırılması, dayanıqlığın gücləndirilməsi və istixana qazı emissiyalarının azaldılması üçün siyasət və texnoloji müdaxilələrə ciddi dəstək göstərilir:

"Dünya Bankı ilə əməkdaşlığımız birgə strategiya olan "Ölkə Tərəfdaşlıq Çərçivəsi" üzərində qurulmuşdur. Azərbaycanda investisiya qoyulan əsas sahələrdən biri də kənd təsərrüfatı, suvarma və drenaj şəbəkələri, o cümlədən kənd yerlərində infrastrukturun inkişafıdır. Bunun üçün beynəlxalq şəbəkəli GPS və GNSS sistemlərindən alınan dəqiq məlumatlar əsasında kənd təsərrüfatı sahələrinin xəritələrinin hazırlanması və minimum resurslarla maksimum nəticələrin əldə olunması əsas məqsəddir. Bundan başqa, kənd təsərrüfatına innovativ yanaşmalar mövcuddur ki, müasir dövrdə onlardan istifadə zərurətə çevrilmişdir. Azərbaycanda hazırda iqliməsaslı ağıllı kənd təsərrüfatı təcrübələrini həyata keçirən tədqiqatçı alimlər və fermerlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə müxtəlif layihələr icra edərək məhsuldarlığın artmasına nail olurlar. Belə təcrübələr – yəni iqliməsaslı kənd təsərrüfatı metodları – təsərrüfatların müxtəlif sahələrində uğurla tətbiq olunur və orta hesabla məhsuldarlığın artmasına səbəb olur. Bu cür layihələr kənd təsərrüfatı sahələrinin iqlim dəyişikliyinə qarşı davamlılığını artırır".

QHT sədri qeyd edib ki, bu çərçivədə ən çox istifadə edilən vasitələrdən biri azot gübrələridir. Bu gübrələr bitkilərin karbon qazı və günəş işığını qidaya çevirməsinə kömək etsə də, onlardan həddindən artıq istifadə suların çirklənməsinə və atmosferdə istixana qazlarının artmasına səbəb ola bilər:

"Lakin azot gübrələrindən həddindən artıq istifadə etmək olmaz. Onları düzgün şəkildə tətbiq etmək vacibdir. Əks halda atmosferdə istixana qazlarının artmasına, yeraltı və yerüstü suların çirklənməsinə səbəb ola bilər. Bütün hallarda bu üsullar yalnız o zaman məqsədəuyğundur ki, torpağın sağlamlığı qorunsun. Torpağın münbitləşdirilməsi, əkinə yararlı hala gətirilməsi kənd təsərrüfatı mütəxəssislərinin əsas vəzifələrindən biridir. Nəzərə alsaq ki, iqlim dəyişikliyi məhsuldarlığın azalmasının başlıca səbəbidir, bu problemin qarşısının alınması əsas vəzifə kimi qarşıda dayanır".

İradə Həsənova vurğulayıb ki, kənd təsərrüfatında davamlı və innovativ yanaşmalar, düzgün dövlət siyasəti və maarifləndirmə işləri qlobal qida təhlükəsizliyinin və kənd yerlərində sosial-iqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır:

"Bir sözlə, iqlim dəyişiklikləri kənd təsərrüfatına geniş miqyasda təsir edir, bu da qlobal qida təhlükəsizliyi və kənd inkişafı baxımından ciddi problemlər yaradır. Fermerlər, dövlətlər və cəmiyyətlər bu təsirlərlə mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Davamlı kənd təsərrüfatı praktikalarının tətbiqi, texnologiyaların inkişafı, maarifləndirmə və düzgün dövlət siyasəti iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərini azaltmağa kömək edə bilər. Bu yanaşmalar kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməklə gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz qida sisteminin yaradılmasına imkan tanıyacaq. Unutmamalıyıq ki, sağlamlaşdırılmış və məhsuldar torpaq – sağlam həyat və təmiz qida deməkdir".

 

Pərvanə Fərhadqızı

QHT.az