"İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatına ciddi təsir göstərir" - QHT sədri
Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova iqlim dəyişikliyinin Azərbaycanda kənd təsərrüfatına təsirləri ilə bağlı QHT.az-a açıqlama verib.
Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişikliklərinin təsiri artıq ölkəmizdə də açıq-aşkar hiss olunur:
"Temperaturun yüksəlməsi xüsusilə aran rayonlarında daha qabarıq şəkildə müşahidə edilir. Respublikamızda bitkiçilik məhsullarının 80%-dən çoxu suvarılan torpaqlarda istehsal olunur. İqlim dəyişiklikləri isə su resurslarına birbaşa təsir göstərir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair hazırlanmış konsepsiyada bu mənfi təsirlərin azaldılması üçün mexanizmlərin işlənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş konsepsiyada birbaşa qeyd edilir ki, 2080-ci il üçün qlobal səviyyədə orta illik temperatur 4 dərəcə Selsi artacaq."
İradə Həsənova qeyd edib ki, bu sahədə görüləcək tədbirlər artıq dövlət səviyyəsində də nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş konsepsiyada iqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirinin azaldılması üçün mexanizmlər müəyyən olunub. Sənəddə bildirilir ki, 2080-ci ilədək qlobal orta illik temperaturun 4 dərəcə Selsi artacağı proqnozlaşdırılır:
"Temperaturun yüksəlməsi bitkilərin inkişaf dövrlərinə və məhsuldarlığına mənfi təsir göstərir. Müəyyən bitki növləri üçün həddindən artıq isti temperatur xüsusilə məhsulun keyfiyyətini və miqdarını azaldır. İqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu zərərin azaldılması və bu dəyişikliyə maksimal dərəcədə uyğunlaşmaq üçün zəruri tədbirlər görülür. Bu məqsədlə kənd təsərrüfatının idarə olunması və inkişafında müasir texnologiyaların tətbiqi, sahələrin kompleks şəkildə öyrənilməsi və elmi yanaşmanın tətbiqi əsas prioritetlərdəndir".
Ardı var...
Pərvanə Fərhadqızı