Uşaq və gənclər üçün reproduktiv sağlamlıq proqramı davam edir – FOTOLAR

Gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı geniş maarifləndirmə proqramlarının təşkili xüsusi əhəmiyyət kəsb edir.

QHT.az xəbər verir ki, bu barədə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşımova bildirib. Onun sözlərinə görə, gənclərin reproduktiv sağlamlığının qorunması dovlətin ən vacib, prioritet sahələrindən biridir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə uşaq və gənclər, xüsusilə də, qızlar, sanitar, gigiyenik qaydalara əməl edən, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı bacaran fərdlər kimi formalaşırlar:
 
"Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Bilriyi fəaliyyətə başladığı ilk gündən etibarən təkcə problemlərin həlli ilə deyil, eyni zamanda dünyada ən vacib istiqamətlərdən olan maarifləndirmə fəaliyyəti ilə də fəal şəkildə məşğul olur. Biz inanırıq ki, kömək — sadəcə nəticələri aradan qaldırmaq deyil, həm də qabaqlayıcı addımlar atmaqdır. Məhz buna görə də maarifləndirmə, məlumatlandırma və təlim təşkilatın fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz yalnız çətin vəziyyətlərə reaksiya vermək deyil, elə bir mühit yaratmaqdır ki, hər bir uşaq və hər bir qadın öz hüquqlarını bilsin, dəstək hiss etsin və özünə qayğı göstərməyi bacarsın. Dövlət başçısı tərəfindən Azərbaycanda bu sahəyə böyük diqqət yetirilməklə hər zaman uşaqların və qadınların hüquqlarının qorunması, onların sağlamlığı, maarifləndirilməsi və rifahı ilə bağlı bir çox vacib addımlar atılıb. Bu diqqət və iradə bizə öz fəaliyyətimizi daha da genişləndirmək, insanlara dəstək olmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün güclü bir stimul verir".

QHT sədri bildirib ki, 2024-2025-ci tədris ili çərçivəsində “Ümidli Gələcək” Sosial Təşəbüslər İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi  ilə əməkdaşlıqda və P&G  şirkətinin dəstəyi ilə "Reproduktiv sağlamlığın tədrisi" proqramını davam etdirməklə Bakı və 25 regionda fəaliyyət göstərən tam orta məktəblərin 6-7-ci sinifləri üçün  maarifləndirməyə başlamışdır:

"Əsas məqsəd — uşaqlara bədənlərində baş verən dəyişiklikləri anlamağa kömək etmək, özlərinə qayğı göstərməyi və gələcəkdə şüurlu qərarlar verməyi öyrətməkdir.
Bu dövrdə fiziki və emosional dəyişikliklər baş verir. Əgər uşaqlar etibarlı mənbələrdən düzgün məlumat ala bilmirlərsə, cavabları internetdə və ya yaşıdları arasında axtarmağa başlayırlar. Bu isə yanlış anlamaya, qorxulara və hətta təhlükəli nəticələrə səbəb ola bilər.
 
Reproduktiv sağlamlıq təlimləri uşaqlara:
❖ bədənlərinin necə fəaliyyət göstədiyini daha yaxşı anlamağa;
❖ özlərinə və başqalarına hörmət etməyi öyrənməyə;
❖ şəxsi gigiyenaya riayyət etmək;
❖ çətin, lakin təbii olan mövzulardan qorxmamağa;
❖ yeniyetməlik dövründə qarşılaşacaqları dəyişikliklərə hazır olmağa kömək edir.
 
Bu mövzularda tədrisin təşkili yeniyetmələrdə özünəinam hissini artırır, narahatlığı azaldır və sağlam, məsuliyyətli yanaşmanın təməlini qoymaqla həyatları boyu onlara bələdçilik edəcək bilikləri formalaşdırır".

Qeyd edək ki, əhalinin, o cümlədən də, uşaqların reproduktiv sağlamlığının müdafiəsi ilə bağlı bu günə qədər Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İSİM, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və bir sıra QHT və biznes qurumları tərəfindən bir çox maarifləndirici tədbirlər və proqramlar həyata keçirilmişdir. Azərbaycan prezidentinin 2014-cü ilin 13 iyun tarixli sərəncamı ilə Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət proqramları təsdiq edilmişdir ki, bu proqramda da geniş əhali, xüsusilə də hamiləliyə qədərki dövrdə olan qadınlar və gənclər arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılmasına önəm verilir.