Depozit faizləri niyə yüksəlir? QHT sədri Ruslan Atakişiyevdən AÇIQLAMA

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında manatla verilən müddətli depozitlər və kredit faizlərinin artımını şərh edib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında altı aydan doqquz aya qədər olan depozitlərin orta faiz dərəcəsi 6,75 faiz olub, lakin mart ayında bu rəqəm 6,91 faizə yüksəlib. Həmçinin, verilmiş kreditlərdə də artım müşahidə olunub, 2021-ci ilin yanvar ayında kredit faiz dərəcəsi 11,33 faiz olduğu halda, mart ayında bu rəqəm 11,47 faizə çatıb.

Ruslan Atakişiyev bildirib ki, 6 aydan 1 ilədək olan depozit faizlərində artımın nəticəsində, kredit faizlərinin də yüksəlməsi müşahidə olunub: "Bu artım xüsusilə qısamüddətli kreditlərə təsir göstərib. 2024-cü ilin oktyabr ayında altı aydan doqquz aya qədər olan yeni depozitlərin orta faiz dərəcəsi 5,78 faiz olub, lakin bu rəqəm 2025-ci ilin mart ayında 6,91 faizə yüksəlib".

Bununla yanaşı QHT sədri qonşu ölkələrlə müqayisə edərək, inkişaf etmiş ölkələrdə faiz dərəcələrinin daha aşağı olduğunu qeyd edib. Buna baxmayaraq, bəzi məhsullarda, xüsusilə kənd təsərrüfatı istehsalı və ipoteka kreditləri kimi sahələrdə faiz dərəcələrinin yüksək olduğunu vurğulayıb: "Faiz dərəcələrinin artımını, yeni əmanətlərin cəlb edilməsi və verilən kreditlərin faizlərinin yüksəlməsi ilə əlaqələndirib. Bu, iqtisadiyyatın inkişafını və maliyyə bazarının tələblərinə uyğun dəyişiklikləri əks etdirir".

 

Pərvanə Fərhadqızı

QHT.az