BAKU TV-də enerji gələcəyi müzakirə olundu - Avropa və Asiyanın diqqəti Azərbaycanda / FOTOLARVİDEO

5 aprel 2025-ci il tarixində Bakıda mühüm beynəlxalq enerji tədbiri keçirilib. Tədbir çərçivəsində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 11-ci iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının nazirlərinin 3-cü görüşü baş tutub. 24 ölkənin nazirləri və yüksək səviyyəli nümayəndələri iştirak etdikləri tədbirdə enerji təhlükəsizliyi, yaşıl enerji, yeni enerji bazarları və strateji tərəfdaşlıq məsələləri geniş müzakirə olunub.

QHT.az xəbər verir ki, BAKU TV-də yayımlanan "Bakı Aktual" verilişində aparıcı Elçin Əlibəylinin təqdimatında bu mövzu ətrafında maraqlı müzakirələr aparılıb. Verilişin qonaqları - Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Aydın Hüseynov, iqtisadçı ekspert Fuad İbrahimov və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Azərbaycanın qlobal enerji bazarındakı artan rolunu dəyərləndiriblər.

Millət vəkili Vüqar Rəhimzadə bildirib ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri, keçirilən görüşlər ölkəmiz üçün strateji baxımdan xüsusi önəm daşıyır: "Bu səfər təkcə enerji deyil, bir çox sahələri əhatə edən müzakirələrlə yadda qaldı. Azərbaycan-Almaniya münasibətləri yeni mərhələyə qədəm qoyur".

Millət vəkili Aydın Hüseynov isə qeyd edib ki, Avropa İttifaqı daxilində Almaniyanın iqtisadi lider rolu bu ölkənin enerji sahəsindəki qərarlarını da formalaşdırır: "Almaniya əsas iqtisadi yükü daşıyan dövlətdir. Bu baxımdan Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycana yönəlməsi təsadüfi deyil".

İqtisadçı ekspert Fuad İbrahimov yaşıl enerjinin gələcəkdə qarşılaşa biləcəyi texnoloji və ekoloji çətinliklərə diqqət çəkib: "Yaşıl enerji sahəsində akkumulyasiya və utilizasiya məsələləri hələ də tam həll olunmayıb. Buna baxmayaraq, Azərbaycan bu sahədə ixrac siyasətinə hazırdır".

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə Azərbaycanın artıq regional oyunçudan beynəlxalq enerji aktoruna çevrildiyini bildirib: "Əgər bir zamanlar Avropanın enerji tələbatının 45 faizi Rusiya qazı ilə ödənilirdisə, bu rəqəm artıq 13 faizə düşüb. Burada Azərbaycanın rolu böyükdür. Artıq Avropa öz enerji siyasətində buraxdığı səhvləri anlayır".

Verlişdə bu mühüm beynəlxalq tədbir haqqında geniş müzakirə olundu, Azərbaycan yalnız neft və qaz ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin təminatçısı, etibarlı tərəfdaş və yaşıl enerji sahəsində innovativ layihələrin təşəbbüskarı olduğu vurğulandı, görüş çərçivəsində bir sıra ikitərəfli sazişlər imzalandığı və yeni layihələrin icrasına start verildiyi qeyd olundu.

 

 

Pərvanə Fərhadqızı