"Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir" - QHT sədri

Azərbaycanın milli-mənəvi dəyərləri hər bir xalqın kimliyini formalaşdıran əsas amillərdən biridir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi isə həm dövlətin, həm də cəmiyyətin üzərinə düşən vacib vəzifələrdəndir.

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a açıqlamasında bu mövzuya toxunaraq qeyd edib ki, hər şey dağıdılsa belə, mədəniyyət, milli-mənəvi dəyərlər, ana dili, adət və ənənələr yaşayır və xalq özü bu dəyərləri qoruyaraq gələcək nəsillərə ötürür. Onun sözlərinə görə, milli bayramlarımız bu dəyərlərin ən mühüm hissələrindən biridir və onların yaşadılması ailədən başlayır:

"Bizim bütün bayramlarımız humanistliyi, xeyirxahlığı, vətənpərvərliyi ilə fərqlənir. Təbiətə bağlılıq, Vətənə bağlılıq, insanlara əl tutmaq, birgəyaşayış və həmrəylik, etiqadlara və multikultural dəyərlərə sayğı bizim bayramlarımızın əsas qayəsini təşkil edir. Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızı birliyə, bir-birinə yardım etməyə, təbiəti sevməyə çağırır. Müstəqillik Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Müstəqilliyin Bərpası Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü və s. isə milli vətənpərvərliyi və müstəqilliyimizi tərənnüm edir. Sevindirici haldır ki, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra hamımızın sevdiyi Zəfər Günü də milli bayramlarımız siyahısına əlavə olundu. Allah bu zəfəri bizə yaşadan şəhidlərimizin ruhunu şad etsin və qazilərimizə şəfa versin".

Şahin Rəcəbov qloballaşmanın gətirdiyi çağırışlara da diqqət çəkərək bildirib ki, bu proses bəzən xalqların milli kimliyinin və dəyərlərinin zəifləməsinə səbəb ola bilər. Buna görə də, müstəqilliyimizi qorumaq və inkişaf etdirmək üçün gənc nəslin milli-mənəvi köklərə bağlılığını gücləndirmək vacibdir:

"Milli bayramlarımızı, ənənələrimizi yaşatmalı, onların fəlsəfi mahiyyətini gənc nəsilə izah etməliyik. Ailə tərbiyəsində, təhsildə və ümumilikdə cəmiyyətdə bu məsələlərə xüsusi diqqət yetirilməlidir."

Ardı var...

 

Pərvanə Fərhadqızı