Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Türkiyədə təcrübə səfərində olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Türkiyənin Sakarya vilayətində fəaliyyət göstərən Alpaslan Autizm Vəqfində təcrübə proqramında iştirak ediblər.
Proqram zamanı hər iki ölkə tərəfindən 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərlə həyata keçirilən iş, onlara göstərilən xidmətlər müzakirə edilib və müvafiq mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Vəqfdə uşaqlarla iş zamanı tətbiq olunan modellər haqqında məlumatlar bölüşülüb və sosial reabilitasiyada istifadə edilən innovativ metod və üsullar haqqında danışılıb. Həmçinin, mütəxəssislər erkən müdaxilənin əhəmiyyətindən bəhs ediblər.
Qeyd edək ki, Alpaslan Autizm Vəqfi autizm sindromlu şəxslərə, onların ailələrinə və digər maraqlı tərəflərə innovativ və fənlərarası xidmətlər təqdim edərək, autizm spektri pozğunluğu sahəsində milli və beynəlxalq səviyyədə nümunəvi bir qurum olmağı hədəfləyən müəssisədir.
Vəqf autizmli və ya inkişaf geriliyi riski olan məktəbəqədər uşaqlar üçün elmi əsaslı metodlardan istifadə edərək erkən müdaxiləni tətbiq edir. O cümlədən, bu kateqoriyadan olan uşaqlar üçün funksional akademik bacarıqlar, ünsiyyət bacarıqları, gündəlik həyat bacarıqları, sosial bacarıqlar və hərəkət bacarıqlarını inkişaf etdirməyi hədəfləyən hərtərəfli təhsil modeli təklif edir.
Burada autizmli fərdlər üçün inkişaf və təhsil qiymətləndirməsi aparılır, bu sahədə çalışan sosial işçilərə, psixoloqlara və sosial reabilitoloqlara məsləhət xidmətləri göstərilir.