Aygün Əliyeva: "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin fəaliyyəti əhəmiyyətli rol oynayır"
Bu gün Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana Qayıdış Məsələsi: Parlament-QHT Əməkdaşlığı” adlı ictimai dinləmədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəy Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edib. O, Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq gündəlikdə önəmli yer tutduğunu və bu mövzunun daim gündəmdə saxlanıldığını vurğulayıb.
Aygün Əliyeva bildirib ki, ölkə Prezidenti dəfələrlə öz çıxışlarında aidiyyəti dövlət orqanları ilə yanaşı, QHT-lərin də Qərbi Azərbaycana qayıdış prosesindəki fəaliyyətinə xüsusi diqqət yetirib:
“2023-cü ildən başlayaraq, Agentlik Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsinə dəstək olmaq məqsədilə xüsusi qrant müsabiqəsi elan edib. Bu müsabiqələrdə 24 layihə qalib gəlib və ümumilikdə 485,500 manat vəsait ayrılıb. 2024-cü ildə də mövzu öz aktuallığını qoruyub saxlayıb və mövzu üzrə 29 layihəyə 374,050 manat vəsait verilmişdir. Bu il isə QHT-lər tərəfindən mövzuya maraq artıb və 51 layihə qalib elan olunub. 7 martda açıqlanan nəticələrə görə, ümumilikdə 667,000 manat vəsait məhz bu layihələrə maliyyə dəstəyi göstərilməsi üçün ayrılıb. İlk müsabiqədə, 2023-cü ilin müsabiqəsində məhz Qərbi Azərbaycan mövzusu müxtəlif alt mövzulara bölünmüşdür.”
Aygün Əliyeva həmçinin bildirib ki, 2023-cü il layihələri çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İsveç, Niderland, İspaniya, Amerika və Qazaxıstan kimi ölkələrdə Qərbi Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirilib, filmlər, TV verilişləri, kitablar və hesabatlar hazırlanıb:
“Bu kitabların bir qismini biz bura gətirmişik və tədbirdən sonra tanış olmaq üçün təqdim edirik. Təəssüf ki, yenə də hamısını əhatə edə bilmədik. 8 QHT tərəfindən kitab hazırlanıb və onlar Qərbi Azərbaycanın mətbəxinə, tarixinə və tarixi şəxsiyyətlərinə həsr olunub. 4 qeyri-hökumət təşkilatı isə 2023-cü ilin qrant müsabiqəsinin nəticələrinə əsasən sayt hazırlayıb, 6 QHT isə film, 5 QHT tərəfindən kitab hazırlanıb. 2 QHT tərəfindən film hazırlanıb. Aşıq musiqilərindən ibarət audio disk hazırlanıb və konsert təşkil olunub. 4 QHT beynəlxalq tədbir keçirib. Bu il Qərbi Azərbaycanla bağlı mövzu aktuallığını qoruyacaq. 51 QHT tərəfindən müxtəlif layihələrin icrası gözlənilir."