Ombudsmanın illik məruzəsi müzakirə olunub: Rauf Zeynidən AÇIQLAMA / FOTOLAR

Milli Məclisin İnsan Hüquqları Komitəsinin təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatları və insan hüquqları sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

Müzakirələrdə iştirak edən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədi, millət vəkili Zahid Orucun rəhbərliyi ilə mütəmadi olaraq bu cür mühüm toplantılar təşkil edir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə keçirilən bu tədbirlər ölkədə insan hüquqlarının vəziyyətinin daha dərindən öyrənilməsinə və müvafiq islahatların həyata keçirilməsinə mühüm töhfə verir:

"Ombudsman Səbinə Əliyevanın insan hüquqları üzrə müvəkkil olaraq illik hesabatı təqdim olunmuşdu. Bizə də İnsan Hüquqları Komitəsi tərəfindən öncədən göndərilmişdi. Bu, kifayət qədər geniş və əhatəli bir hesabatdır. Ölkədə insan hüquqlarının vəziyyətini əks etdirən bu sənəd həm millət vəkilləri, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müsbət qiymətləndirildi. Hesabat əhəmiyyətli bütün sahələri əhatə edir və mövcud vəziyyəti geniş şəkildə əks etdirir. Ombudsmanın fəaliyyəti yüksək qiymətləndirildi və bundan sonrakı istiqamətlər müəyyən olundu. Təbii ki, insan hüquqlarının daha çətin vəziyyətdə olduğu sahələr geniş müzakirə olundu. Ümumiyyətlə, vətəndaşların hüquqları, o cümlədən vətəndaş hüquqları, əmlak hüquqları, mülkiyyət hüquqları və digər məsələlər diqqət mərkəzində oldu. İşçi hüquqları, həmkarlar ittifaqlarının fəaliyyəti, istehlakçı hüquqları və digər mövzular iştirakçılar tərəfindən geniş müzakirəyə səbəb oldu".

Rauf Zeyni həmçinin bildirib ki, çıxış edənlərin böyük əksəriyyəti Ədliyyə Nazirliyində, xüsusilə Penitensiar Xidmətdə son hesabat ilində aparılan islahatları xüsusi vurğuladılar, onlar aparılan islahatların müsbət nəticələr verdiyini qeyd etdilər və bu nəticələrin davam etdirilməsi üçün təkliflər irəli sürüldü:

"Ümumilikdə, hesabatla bağlı müsbət rəylərlə yanaşı, çıxışçılar tərəfindən yeni təkliflər də irəli sürüldü. Bildirildi ki, hesabatda daha geniş təhlil aparılsa, sənəd daha əhatəli və səmərəli ola bilər. Bu baxımdan, hesabat vətəndaş cəmiyyəti institutları, Milli Məclis və digər əlaqədar qurumlar üçün yol xəritəsi rolunu oynaya, geniş informasiya bazası funksiyasını yerinə yetirə bilər. Bu da çox vacib bir məsələdir. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı da müzakirələrdə iştirak edərək hər bir çıxışçının qaldırdığı məsələlərə geniş və məntiqli cavablar verdi. Ümumiyyətlə, bu müzakirələr çox vacib idi. Hörmətli Zahid müəllimə belə müzakirələri təşkil etdiyinə görə təşəkkür edirik. İnanırıq ki, Milli Məclisin digər komitələri də əlaqədar mövzularda ictimai müzakirələr təşkil edəcək və qeyri-hökumət təşkilatları olaraq biz də bu müzakirələrdə maraqlıyıq. Çünki ölkədə aparılan islahatlar, baş verən proseslər və mövcud vəziyyət məhz Milli Məclisin komitələrində ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və əlaqədar qurumlarla birgə müzakirə olunanda daha səmərəli nəticə verir".

Onun sözlərinə görə, iştirakçılar tərəfindən vurğulandı ki, Milli Məclisin sədri Sahibə Qafarova həmişə bu mövqedən çıxış edir və ictimai müzakirələrin daha geniş səviyyədə təşkil edilməsinin vacibliyini qeyd edir:

"Bu, təqdirəlayiqdir və alqışlanmalıdır. Bundan sonra keçirilən müzakirələrin ölkəmizin inkişafına, islahatların uğurla həyata keçirilməsinə və daha güclü, qüdrətli bir dövlət qurulmasına töhfə verəcəyinə inanırıq. Həmçinin vurğulandı ki, biz tarixi Zəfər qazanmışıq və bu Zəfərə layiq cəmiyyət qurmalı, inkişafı təmin etməliyik. Biz də bu mövqeni dəstəkləyirik və inanırıq ki, qarşılıqlı faydalı əməkdaşlıqla ölkəmizin daha böyük inkişafına töhfə verə bilərik".

 

Pərvanə Fərhadqızı

QHT.az