Şahin Rəcəbov: “Dünya nizamsız xaosa sürüklənir”

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov dünyada gedən proseslər barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, o, qlobal güclər arasında qarşıdurmanın yeni mərhələyə keçdiyini, liberal dəyərlərin parçalanma və xaosla əvəz olunduğunu vurğulayıb. Şahin Rəcəbovun sözlərinə görə, insanlıq yeni müharibələr və silahlanma dalğasının astanasındadır:

"Ümid və inam gözəl olsa da, reallıq fərqlidir. Dünya yenidən bölüşdürülür və bu proses təhlükəli şəkildə gedir. Qlobal birləşmə, liberal dəyərlər və dövlətsizləşmə ideyaları yerini parçalanma, xaos və millitarist maraqlarla əvəzlənir. Ənənəvi güclər arasında qarşıdurma yeni güc balanslarını formalaşdırır, idarəolunmaz xaos yaradır. Ədalət anlayışı biznes maraqlarına qurban verilir, silahsızlaşma əvəzinə yeni silahlanma dalğası başlayır. Sülh adı altında yeni müharibələr hazırlanır, dünya isə insana rahatlıq vermək əvəzinə, təhlükəli məkana çevrilir. Belə bir nizamsız, sonu bilinməyən dünyada, Yaradanın nəzərində olan, mələklərin də qoruduğu müqəddəs ölkəmizin mühafizəsi qədrini illər keçsə belə hələ dərk edə bilməyəcəyimiz idarəedən sahibinin çiynindədir. Bu ağır yükü qaldırmaqda Allah ona misilsiz güc, səbr və qüdrət versin. Hər birimizin daxilində olan milli, mənəvi gücümüz birləşib onun yeni güc-qüvvətinə çevrilsin. Hər nə olsa belə bu amansız dünyada özümüzün, özümüzünkilərin qədrini vaxtında bilək, bir-birimizi sevək və ümidimizi Yaradandan üzməyək. Şükür, şükür və şükürlə qalxanlanıb qarşımıza çıxa biləcək istənilən qüvvələri dəf edə bilək. Allah torpaqlarımızı toxunulmaz, ruzimizi bol, insanlarımızı hifz eləsin. Allah bu torpaqları qanı ilə müqəddəs edən Şəhidlərimizin ruhunu şad, qazilərimizin canını salamat eləsin. Amin".

 

Pərvanə Fərhadqızı