QHT sədri Roza Əliqızı: "Azərbaycanda vətənpərvərlik təbliğatına daha çox yer ayrılmalıdır"

"Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Roza Əliqızı QHT.az-a açıqlamasında Xocalı soyqırımının Türkiyədə geniş təbliğ olunduğunu bildirib. O qeyd edib ki, illərdir Türkiyədə orta məktəblərdə, liseylərdə və universitetlərdə bu faciə ilə bağlı konfranslar təşkil edir.

"Son üç ildə isə konfranslarım fərqli olur. Salona girəndə gənclərə belə müraciət edirəm: 'Artıq sizləri danışdıqlarımla üzməyəcəyəm, ağlatmayacağam, daha dərdlərimizdən deyil, qələbəmizdən danışacağam.' Bu gün Qarabağ azaddır və biz qələbəmizdən danışmalıyıq," – deyə Roza Əliqızı vurğulayıb.

O, gənclər arasında vətənpərvərlik ruhunun aşılanması üçün medianın rolunu xüsusilə önə çəkib və televiziya kanallarında bu mövzuya kifayət qədər yer ayrılmadığını bildirib:

"Ən güclü təbliğat vasitəsi televiziyadır. Dəfələrlə bildirmişəm ki, vətənpərvərlik mövzusunda proqramlara ehtiyac var. Amma bu gün telekanallarda əsasən yemək proqramları, ailə qalmaqalları, ər-arvad davaları yer alır. Gənclərimiz bu verilişlərdən nə öyrənəcək?"

O, vətənpərvərlik təbliğatının gənclər arasında gücləndirilməsi üçün dövlət qurumlarını, ictimai birlikləri və medianı bu istiqamətdə daha fəal olmağa çağırıb.

 

Pərvanə Fərhadqızı