Qəbələ şahmatçıları dünya çempionatında böyük uğur qazandı - FOTOLAR

Şahmat idmanının inkişafında mühüm nailiyyətlər əldə edən Azərbaycan şahmatçıları daha bir möhtəşəm qələbəyə imza atıblar. Qəbələ 1 saylı Mediasiya Təşkilatının rəhbəri və Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyevin yetirmələri beynəlxalq yarışda yüksək nəticə göstərərək ölkəmizi layiqincə təmsil ediblər.

QHT.az xəbər verir ki, 21-ci Beynəlxalq Həlletmə Yarışı (21st International Contest) başa çatıb və Beynəlxalq Hakimlər Heyətinin qərarına əsasən, Azərbaycan şahmatçıları iki medal qazanaraq möhtəşəm uğur əldə ediblər. Dünya üzrə 185 şahmatçının iştirak etdiyi mötəbər turnirdə Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Araz Alməmmədov 60 xaldan 53,5 xalla dünya çempionu olub. Eyni məktəbin yetirməsi, gənc şahmatçı Samir Alməmmədov isə 39,75 xalla üçüncü yerə layiq görülüb.

Bu möhtəşəm nailiyyət Azərbaycan şahmat məktəbinin gücünü bir daha sübut edir. Qəbələ şahmatçıları dünya üzrə üç qalibdən ikisinin məhz Azərbaycan təmsilçiləri olması ilə tarixi nəticəyə imza atıblar.

Qələbə münasibətilə şahmatçılarımızı və onların məşqçilərini təbrik edirik! Xatırladaq ki, Ədalət Əliyev illərdir şahmatın inkişafına töhfə verərək onlarla istedadlı şahmatçının yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında Qəbələ şahmat məktəbi dünya arenasında ölkəmizi uğurla təmsil edən şahmatçıların yetişdiyi mərkəzə çevrilib.

 

Pərvanə Fərhadqızı