"Valideyn təhsilin sifarişçisi və bərabərhüquqlu tərəfdaşıdır" – QHT sədri Şahin Rəcəbov
Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a açıqlamasında valideynlərin təhsildəki rolunun əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, valideynlər uşağın ilk müəllimi və psixoloqudur. Onların əsas vəzifəsi övladlarını sağlam böyütmək, düzgün tərbiyə vermək və keyfiyyətli təhsil almaqlarına dəstək olmaqdır:
"Valideynlərin rolu hər bir dövrdə aktualdır. Sadəcə bizim cəmiyyət əhalinin çox hissəsini təşkil edən bu təbəqə ilə hesablaşmagı, onu bərabərhüquqlu tərəfdaş kimi hələ də qəbul etməyə hazır olmayıb. Sosial şəbəkələrdə müəllim-valideyn, uşaq- valideyn "qarşıdurmaları", ailələrdə boşanmaların artırılması, uşaqların qeyri adekvat ifadə tərzi əlbəttə düşündürücü ciddi fəsadlardır. Təhsil ümumxalq işidir və burada valideynin də, müəllimin də rolu əvəzolunmazdır. Məhz bu baxımdan istər müəllim nüfuzunun yüksəkdilməsi, istərsə də saglam vətəndaş-şəxsiyyət formalaşdırılmasında, ailədə və cəmiyyətdə düzgün tərbiyənin təşkilində valideyn-müəllim-şagird əməkdaşlığının rolu çox böyükdür ki, bu səbəbdən valideyni bir təhsilin sifarişçisi kimi, bərabərhüquqlu tərəfdaş kimi qəbul etmək lazımdır".
Bununla yanaşı, Şahin Rəcəbov valideynlərin pedaqoji maariflənməyə ehtiyacı olduğunu qeyd edib. O, valideynlərin informasiya axınına davamlı, yeni çağırışlara hazır, özünüinkişafa açıq olmasının vacibliyini vurğulayıb:
"Cari problemlərlə yüklənən valideynin psixoloji durumunu da başa düşmək lazımdır. Valideynlərdə ilk növbədə biri-birinə qarşı və uşaga qarşı sevgi, qarşılıqlı hörmət, diqqət və qaygıya ehtiyac vardır. Bəzən müəllimlər, yaxud cəmiyyət bütünlüklə valideynlərin üstünə gedir, bütün günahları onda görür. Lakin həmin valideyni də formalaşdıran müəllim və cəmiyyətdir. Biz müəllim nüfuzunu qorumaqla yanaşı valideynlərin əməkdaşlığa cəlb olunmasını da bacarmalıyıq."
Pərvanə Fərhadqızı
QHT.az